Koronavirus sindromu Uhanda


Digərləri 28 Yan 2020 21:27:00 147 0

Koronavirus sindromu  Uhanda

Yanvarın 28-də Azərbaycan Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin məlumatına görə, müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

Müşavirənin yekununda aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edilib:

- sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;

- Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;

- xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;

- səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;

- virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;

- vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.

Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.

"Hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur," Nazirlər Kabineti bildirir.