Azərbaycan və Səudiyyə Ərəbistanı informasiya sahəsində əməkdaşlığa böyük önəm verir FOTO


Digərləri 28 Yan 2020 19:20:00 135 0

Azərbaycan və Səudiyyə Ərəbistanı informasiya sahəsində əməkdaşlığa böyük önəm verir  FOTO

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı digər istiqamətlərdə olduğu kimi, informasiya sahəsində də əməkdaşlığın genişlənməsinə önəm verir.

Bununla bağlı məsələlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd Xudeyrin görüşü zamanı müzakirə olunub.

İki ölkə arasında əlaqələrin ulu öndər Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfərindən sonra yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran Aslan Aslanov deyib: "Azərbaycan Prezidenti İlham Əliyev də dost ölkə olan Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın genişləndirilməsinə daim xüsusi diqqət yetirir. Hazırda iqtisadi, humanitar və turizm sahələrində irəliləyişlərə nail olmaq üçün birgə addımlar atılır".

Görüşdə ölkəmizdə ərəbşünaslıq elminin inkişaf etməsindən məmnunluq hissi ilə söhbət açılıb. Ərəb ədəbiyyatının beynəlxalq miqyasda ən sanballı tədqiqatçılarından biri sayılan görkəmli şərqşünas alim Aida İmanquliyevanın xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb, onun intellektual irsinin müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynadığı vurğulanıb.

Qeyd olunub ki, AZƏRTAC Səudiyyə Xəbər Agentliyi (SPA) ilə sıx tərəfdaşlıq əlaqələri qurub. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir. SPA agentliyi 2013-2016-cı illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edib. 2016-2019-cu illərdə isə sədrliyi bu quruma rəhbər seçilən AZƏRTAC-a ötürüb. Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) üzvü olan hər iki agentlik ötən müddətdə tərəfdaşlıq əlaqələrini daha da genişləndirə bilib. Hazırda AZƏRTAC mənzil-qərargahı Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) Şura üzvüdür. Təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, agentliklər arasında əlaqələrin möhkəmlənməsi məsələləri ötən ilin dekabrında Ciddə şəhərində Şura sədri, Səudiyyə Ərəbistanının İnformasiya naziri Turki bin Abdullah əş-Şəbana ilə Aslan Aslanovun görüşü zamanı müzakirə edilib.