Azərbaycanda koronavirus qorxusu


Digərləri 28 Yan 2020 13:48:00 159 0

Azərbaycanda koronavirus qorxusu

Son günlərdə həkimlər ciddi ajiotaj yaradan koronavirusun ilkin əlamətləri olaraq soyuqdəymə, zökəm, qızdırma simptomlarını həyəcan təbili kimi qiymətləndirirlər. Azərbaycanda bu virusa yoluxma halları aşkarlanmayıb. Lakin həkimlərin sözlərinə görə, virusun ölkəmizə keçmə riski də istisna edilmir.

Ən son məlumatlara görə, Çində koronavirusdan ölənlərin sayı 106 nəfəri, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı isə 4,1 min nəfəri keçib. İctimaiyyəti narahat edən məqam isə bu xəstəliyin epidemiya halına çevrilmə ehtimalıdır. Həkimlər hələ də naməlum etimologiyalı koronavirusla doğru mübarizə yollarını tapa bilmirlər.

Son.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az kiçik bir araşdırma edərək bir neçə suala cavab tapmağa çalışıb.

Hazırda Çində xəstəliyin yayıldığı əyalətlərdə karantin elan edilib. Karantin elan olunmasına baxmayaraq, Çindən Azərbaycana gələn insanlar, eləcə də gətirilən müxtəlif növ məhsullarla virusun ölkəmizə yayılması ehtimalı varmı? İnsanların həkim yoxlamasından keçməsi, məhsulların isə dezinfeksiya edilməsi virusun yayılmasının qarşısını almağa kifayət edirmi? Çindən Azərbaycana poçt yolu ilə daxil olan bağlamalar nə qədər risklidir?

Mövzu ilə əlaqədar Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev redaksiyamıza bildirib ki, təhlükə saçan koronavirusun insanlara əşyalar vasitəsi ilə keçməsi mümkündür:

"Ümumiyyətlə, hər bir virusun insana yoluxma yolu var. Əgər siz öskürürsünüzsə, əşyalarınız başqa bir insan üçün təhlükəli ola bilər. Çünki öskürən zaman əşyanın üzərinə düşən ağız seliyi başqa bir şəxsləri də yoluxdurmağa kifayət edir. 

Tək koronavirus yox, bütün viruslar belədir. Bu səbəbdən koronavirusun əşyalar vasitəsilə Azərbaycana yayılması istisna edilmir. Biz ajiotaj yaratmırıq, insanları bir qədər diqqətli olmağa çağırırıq.

Ölkəyə Çindən gələn turistlər və onların əşyaları mütləq yoxlanılmalı, dezinfeksiya olunmalıdır. Əgər insanlarda şübhəli simptomlar varsa, onlar xüsusi təhlükəli infeksiyaların yoxlanıldığı Respublika Taun Əleyhinə Stansiyada həkimlər tərəfindən müayinə edilməlidirlər.

Baxmayaraq ki, bu virusun əşya ilə də keçmə ehtimalı var, bu gün Azərbaycanda koronavirusa yoluxma aşkar olunmayıb. Hələlik bu xəstəik Azərbaycanda yoxdur".