Bakı-Sumqayıt yolunun genişləndirilməsi iyuna qədər başa çatacaq


Digərləri 28 Yan 2020 11:50:40 132 0

Bakı-Sumqayıt yolunun genişləndirilməsi iyuna qədər başa çatacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7.5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri davam etdirilir

Bakı. Samir Əli - Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7.5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, qurum tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır. Hazırda layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir. Analoji genişləndirmə işləri Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağınadək genişləndiriləcək. Bundan başqa, daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılır. Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi işləri aparılır.