Ağ Ev “qrin kart” verilməsi qaydalarını sərtləşdirmək hüququ qazanıb


Dünya 28 Yan 2020 10:24:31 131 0

Ağ Ev “qrin kart” verilməsi qaydalarını sərtləşdirmək hüququ qazanıb

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın administrasiyasına “qrin kart”ların verilmə qaydalarını sərtləşdirməyə icazə verib

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın administrasiyasına “qrin kart”ların verilmə qaydalarını sərtləşdirməyə icazə verib.

Bu barədə “Report” “Kommersant”a istinadən xəbər verir.

“The Washington Post” qəzetinin yazdığına görə, yeni qaydalara əsasən, hökumət qanuni miqrantların dövlət yardımlarına bel bağladığından şübhələndiyi təqdirdə onlara “qrin kart” verilməsindən imtina edə bilər.

Hakimlərin fikirləri haçalanıb: 5 nəfər bu icazənin verilməsinin lehinə, 4 nəfər isə əleyhinə səs verib.

Xatırladaq ki, Ağ Ev hələ 2019-cu ilin avqustunda “qrin kart”ların verilməsi qaydalarını sərtləşdirib. Sərəncam oktyabr ayının ortalarında qüvvəyə minməli olsa da, Nyu-Yorkdakı İkinci Dairə Apelyasiya Məhkəməsi sərəncamı əngəlləyib.

Yeni qaydalar “qrin kart”ların verilməsindən imtina qərarına təsir edən amillərin siyahısını xeyli genişləndirir. Məsələn, “Medicaid” güzəştli tibbi sığortasından istifadə və qida talonları alınması proqramında iştirak nəzərə alınacaq.

Qeyd olunur ki, hər il, təxminən, 544 min miqrant “qrin kart” üçün müraciət edir, dəyişikliklər isə 382 min insana təsir edə bilər.