"Mənə, kaş, bir oğlun ola deyirdilər..." Dünyanı yasa boğan "Qara Mamba" FOTO


Digərləri 27 Yan 2020 22:20:00 140 0

"Mənə, kaş, bir oğlun ola deyirdilər..."  Dünyanı yasa boğan "Qara Mamba"  FOTO

2019-cu ilin başlanğıcında Emiliano Salanın ölümü dünyanı sarsıtmışdısa, 2020-ci ilin əvvəlində Kobi Brayantın həlak olması ilə idman aləmi yasa qərq oldu.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sala təyyarə, Kobi isə helikopter qəzasında dünyasını dəyişdi. NBA (Milli Basketbol Assosiasiyası) tarixinin gəlmiş-keçmiş ən güclü basketbolçusu sayılırdı Kobi. Daha çox ləqəbi ilə tanınırdı. Ona "Qara Mamba" ləqəbi isə boyuna və təhlükəli olduğu üçün verilmişdi ("Qara Mamba" Afrika meşələrində çox rast gəlinən ilandır. Ən sürətli və təhlükəli ilanlardan biridir. İnsanı zəhərləsə, ölüm qaçınılmazdır).

O, basketbol oynamağa başlayanda həmişə iki şeyi özü üçün təkrar edərdi: iddia və özünəinam. Bunlar Kobinin idman karyerasının özəyini təşkil edirdi. Brayant hələ karyerasının əvvəllərində idi. Kobinin hədəfi ən yaxşı olmaq idi.  Özü də daim bildirirdi ki, əfsanəvi Maykl Cordan da çox iş görmək istəyir. Üzərində tətbiq etdiyi ağır məşqlər də bunun sübutu idi. Kobi deyirdi ki, insan özünə başqalarından daha çox inanmalıdır. Maykl Cordan da Kobinin özü ilə müqayisə oluna biləcək yeganə basketbolçu olduğunu demişdi: "Brayant mənimlə müqayisə ediləcək tək oyunçudur. O, böyük zəhmətlə bu səviyyəyə gəlib".

Brayant 1978-ci il avqustun 23-də Filadelfiyada dünyaya gəlib. Valideynləri onun adını bir restoranın menyusundan seçiblər. Yaponiyalıların "Kobe əti" onun adının bu cür seçilməsinə gətirib çıxarıb. O, İtaliyada böyüdüyü üçün futbola çox yaxın birisi olub. Bu səbəbdən hər zaman ayaqqabılarını da futbola uyğun olaraq alarmış.

Futbol oynadığı müddətdə ən çox etdiyi şey isə formasını dişləmək idi. Maykl Cordan hər zaman dil çıxarmağı ilə tanınırdısa, Brayant da forma dişləməsi ilə məşhur idi.

Futbol oynamağa başlayarkən qapıçı olmuşdu. Bunun səbəbi isə boyunun çox uzun olması idi. Onu tanıyanlar deyir ki, əgər Brayant basketbolçu olmasaydı, bu gün dünyanın əfsanəvi qolkiperlərindən biri ola bilərdi.

Kobi məktəbdən birbaşa NBA-ya gələn ilk oyunçu deyildi, amma keşikçi olaraq yeganə basketbolçudur. O, 1996-cı ildə "Şarlott Hornets" klubu tərəfindən seçilərək əsas komandaya cəlb edilmişdi.

2002-ci ildə Nyu-Yorkdakı Ruker Parkda küçə basketbolçularına qarşı oynadığı matçda ona ləqəb verildi. Yaşadığı çempionluqlar səbəbilə "Üç üzük" ("Three Rings") adlandırıldı. Onun atası keçmiş basketbolçu idi. Joe Brayant sürəti səbəbi ilə "Jellybean" ləqəbi ilə tanınırdı. Bu səbəbdən Kobiyə doğularkən Bean adı qoyulur. 

Məşhur müğənni Beyonsla aralarında eşq münasibətləri olduğuna dair uzun müddət mediada məlumatlar yayılmışdı. Lakin bu xəbərlər elə şayiə olaraq tarixdə qalmışdı. Amma dəfələrlə onu Beyonsun konsertləri zamanı soyunub-geyinmə otağında görənlər olmuşdu.

Məktəb vaxtlarında basketbol liqasında 23 nömrəli formanı geyən Kobi sonralar atasının da geyindiyi 33 nömrəli mayka ilə çıxış edirdi. "Leykers"ə gələrkən o nömrəni seçə bilmədi. Çünki Karem Abdul-Cabbara aid olan həmin forma əbədiləşdirilmişdi. 24 nömrə ilə oynamağa başladı. 

İlk dəfə atasına 16 yaşında qalib gəlib. Bununla bağlı açıqlamasında "həqiqətən çox çətin bir matç oldu. Mənə qarşı fiziki gücünü istifadə etməkdən çəkinmədi. Hətta dodağımı əzəcək qədər oldu" demişdi.

İtalyan dilini mükəmməl bilirdi. Çünki atası İtaliyada basketbol oynamışdı və Brayant orada yaşamışdı.

Əfsanəvi idman ustası, aktyor Brüs Linin heyranlarından biri idi. Hətta onunla bağlı çəkilən sənədli filmdə də yer almışdı. 2010-cu ildə Asiyada gəzintiyə çıxarkən gücünü saxlamaq üçün Brus Linin məşq metodlarından istifadə edirdi.