Musa İslamov: Zəlzələ zonasından sağ-salamat gəlib çatdığımıza görə bütün tələbələr adından Azərbaycan Prezidentinə öz təşəkkürümü bildirirəm


Digərləri 27 Yan 2020 15:57:00 102 0

Musa İslamov: Zəlzələ zonasından sağ-salamat gəlib çatdığımıza görə bütün tələbələr adından Azərbaycan Prezidentinə öz təşəkkürümü bildirirəm

Zəlzələ baş verəndən sonra çox keçmədi ki, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları bizimlə əlaqə saxladılar.

Bakı. Ceyhun Ələkbərov - Zəlzələ baş verəndən sonra çox keçmədi ki, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları bizimlə əlaqə saxladılar. Bunu Trend-ə açıqlamasında Türkiyədə zəlzələ zonasından Azərbaycana təxliyə edilən, Elazığ vilayətindəki Fırat Universitetinin İnsan və Sosial Elmlər fakültəsinin 4-cü kurs tələbəsi Musa İslamov deyib. M.İslamov o dəhşətli gecəni belə xatırlayır: "Zəlzələ axşam təqribən saat 21 radələrində baş verdi. Həmin an mən tələbə yoldaşlarımla şəhər mərkəzində idik. Fəlakət baş verəndən 1 saat sonra Elazığda olan azərbaycanlı tələbələrlə əlaqə saxlayaraq Nailbəy məscidində bir araya gəldik. Daha sonra internet üzərindən məlumat aldıq ki, şəhər meri və universitet rektoru xaricdən gələn tələbələrin tez bir zamanda şəhərdən çıxarılması üçün göstəriş verib. Həmin vaxt təşviş yaşandı, ölkəmizə qayıtmaq üçün bilet almaq istədik, ancaq biletlər bitmişdi. Bu an Azərbaycanın Ankaradakı səfirliyi ilə əlaqə saxlamaq istədim, ancaq xətlərdə problem olduğu üçün bu, baş tutmadı. Çox keçmədi ki, onlar özləri məni tapıb vəziyyətimizlə maraqlandılar. Azərbaycan Prezidentinin tapşırığı ilə bizə kömək olunacağını, ölkəyə qayıtmaq üçün nə lazımdırsa edəcəklərini dedilər". Azərbaycanlı tələbə geriyə qayıtmaq üçün dövlətin onlara göstərdiyi yardımdan da söz açıb: "Elazığda və Malatyada olan azərbaycanlı tələbələrlə əlaqə saxladıq və bundan sonra 25 yanvar tarixində günorta saatlarında yola çıxdıq. Azərbaycandan olan tələbələrə 3 avtobus və bir sərnişin təyyarəsi ayrılmışdı. Yolboyu Türkiyədə olan müxtəlif azərbaycanlı iş adamları da bizimlə əlaqə saxlayıb yardım göstərmək istədiklərini deyirdilər. Onlara da təşəkkür edərək dedik ki, artıq dövlətimiz çoxdan bizim bütün problemlərimizi həll edib. Rahat və təhlükəsiz evə qayıtmağımız üçün bütün hazırlıqlar görülmüşdü, yolboyu konsulluğun əməkdaşları müxtəlif yerlərdə bizi qarşılayırdılar. Yəni hər an bizi nəzarətdə saxlayırdılar. Azərbaycanın Türkiyədəki səfirliyi də tez-tez əlaqə saxlayır, Naxçıvana qədər təhlükəsizliyimiz barədə məlumat alırdı. Naxçıvana çatanda artıq bizə xüsusi təyyarə ayrılmışdı. Nəhayət, həmin təyyarə ilə Bakıya gəldik".