Elazığda təhsil alan tələbə: Prezident İlham Əliyev bir daha göstərdi ki, insan amili dövlətin siyasətində öndə dayanır


Digərləri 27 Yan 2020 15:16:56 112 0

Elazığda təhsil alan tələbə: Prezident İlham Əliyev bir daha göstərdi ki, insan amili dövlətin siyasətində öndə dayanır

Azərbaycan dövlətinə, cənab Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk ki, dar gündə öz vətəndaşının yanında oldu.

Bakı. Elçin Mehdiyev - Azərbaycan dövlətinə, cənab Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk ki, dar gündə öz vətəndaşının yanında oldu. Bunu Trend-ə açıqlamasında Türkiyədə zəlzələ zonasından Azərbaycana təxliyə edilən, Elazığ vilayətindəki Fırat Universitetinin çalışma iqtisadiyyatı fakultəsinin 2-ci kurs tələbəsi, azərbaycanlı tələbə Şahin Hüseynov deyib. O qeyd edib ki, zəlzələ baş verəndən dərhal sonra Azərbaycan dövləti Elazığ şəhərində təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti ilə maraqlanıb: “Elazığda zəlzələ baş verən gün gecəni çöldə keçirdik. Şəhərdə vəziyyət yaxşı deyildi, bizim üçün çətin idi, nə edəcəyimizi, hara gedəcəyimizi bilmirdik. Lakin dövlətimiz bütün bu məsələləri həll etdi. Prezident İlham Əliyev tapşırıq verdi, bizim Elazığdan Naxçıvana gəlməyimiz üçün avtobus, Naxçıvandan Bakıya gəlməyimiz üçün isə təyyarə təşkil edildi. Cənab Prezidentimiz bir daha göstərdi ki, o, hər bir vətəndaşın Prezidentidir, daim öz vətəndaşlarının yanındadır, insan amili Azərbaycan dövlətinin siyasətində öndə dayanır. Bir daha Prezidentimizə dərin minnətdarlığımızı bildiririk”.