Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər


Digərləri 27 Yan 2020 14:29:52 207 0

Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

Aparılmış monitorinqlər göstərir ki, vergiödəyiciləri tərəfindən qeyd olunan Məlumat Formasının təqdim edilmə vəziyyəti qənaətbəxş deyil

Bakı. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli Qanununa əsasən, ƏDV ödəyiciləri 2020-ci il yanvarın 1-nə yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması tərtib etməli və yanvarın 31-dək vergi orqanına təqdim etməlidirlər. Trend xəbər verir ki, bu barədə Vergiler Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin şöbə rəisi Emil Rəhimov yanvarın 27-də keçirdiyi brifinqdə deyib O bildirib ki, bu formanın təqdim edilməsində məqsəd ƏDV-yə cəlb olunan əməliyyatın vaxtı ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişikliklərin nəzərə alınması, aparılan əməliyyatlar üzrə vergilərin düzgün hesablanmasını təmin etməklə yanvarın 1-dən əvvəlki dövrlərdə hesablanmış vergilərin təkrar hesablanmasının qarşısını almaqdır. Formanı həm də yanvarın 1-dək ƏDV ödəyicisi olmuş, bu ilin yanvarından isə qeydiyyatdan çıxmış ödəyicilər də təqdim etməlidir. Yanvarın 1-dən sonra qeydiyyata alınmış ƏDV ödəyiciləri üçün Məlumat Formasının təqdim edilməsi nəzərdə tutulmayıb. Məlumat Forması kağız və ya elektron formada tərtib olunaraq vergi orqanına təqdim edilir. Kağız formasında tərtib edilən Məlumat Forması vergiödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilir. Vergiödəyiciləri Məlumat Formasını elektron qaydada təqdim etmək üçün İnternet Vergi İdarəsi portalında yeni istifadəyə verilmiş elektron xidmətdən istifadə edə bilərlər. Bu məqsədlə İnternet Vergi İdarəsinin "Onlayn kargüzarlıq və e-VHF" bölməsində yeni ərizə forması istifadəyə verilib. Vergiödəyiciləri vaxtlarına qənaət edərək gücləndirilmiş "ASAN İmza"dan istifadə etməklə Məlumat Formasını elektron qaydada vergi orqanına təqdim edə bilərlər.