Daha bir dünya miqyaslı istehsalçı Bakı-Tbilisi-Qars xəttinə cəlb edilib (FOTO)


Digərləri 27 Yan 2020 11:51:00 124 0

Daha bir dünya miqyaslı istehsalçı Bakı-Tbilisi-Qars xəttinə cəlb edilib (FOTO)

“ADY Express” MMC Bakı-Tbilisi-Qars dəmir yolunun geniş imkanlarından istifadə edərək, daha bir dünya miqyaslı iri istehsalçının bu yoldan istifadə etməsinə nail olub.

Bakı. Ceyhun Ələkbərov - “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars dəmir yolunun geniş imkanlarından istifadə edərək, daha bir dünya miqyaslı iri istehsalçının bu yoldan istifadə etməsinə nail olub. ADY Express-dən Trend-ə verilən məlumata görə, ADY Express Rusiyanın “Evraz” şirkətinin Türkiyə bazarına çıxartdığı məhsulunu Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımağa başlayıb. ADY Express şirkətinin təqdim etdiyi 30 vaqon Rusiyanın Sverdlovsk vilayətinin Smıçka stansiyasında dəmir külçələrlə yüklənərək yola salınıb. Yük vaqonları 5175 km məsafəni qət edərək, Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatdırılıb. Yükün ümumi çəkisi 2053 tondur. Bu "Evraz" şirkətinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql olunan ilk yükləridir. Hazırda test rejimində daşınan yüklərin həcminin daha sonra dəfələrlə artırılması nəzərdə tutulur. "Evraz" bu yolla hər ay 30-40 min ton yükün nəql edilməsini planlaşdırır. Şirkət bundan başqa, BTQ vasitəsi ilə Türkiyəyə iri həcmdə kömür nəql edilməsini arzulayır.