Yataq dəsti olan UAZ, kenquru dərili "Volqa", BMW salonlu "Pobeda" REPORTAJ VİDEO FOTO


Digərləri 26 Yan 2020 19:29:00 187 0

Yataq dəsti olan UAZ, kenquru dərili "Volqa", BMW salonlu "Pobeda" REPORTAJ  VİDEO  FOTO

1949-cu ilin istehsalı olan "Pobeda", 1965-ci ildə konveyerdən çıxan 2 ədəd "Volqa M21" və 1976-cı ildə istifadəyə verilən "UAZ - 469"...

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ilin müxtəlif vaxtlarında Şəmkir küçələrində görünən və hər kəsin diqqətini cəlb edən bu retro avtomobillər rayon sakini Füzuli İbrahimovun şəxsi avtomobil parkında yer alır.

Sovet avtomobillərinin həvəskarı olan Füzuli İbrahimov hazırda şəxsi kolleksiyasındakı maşınları nəinki qoruyub saxlaya bilib, hətta həmin avtomobillərin salonuna müasir dizayn verib, xeyli yeniliklər əlavə edib.

Məktəbli olarkən Cəmşid Əmirovun "Qara Volqa" romanını oxuyan Füzuli İbrahimov, sonralar bu əsər əsasında çəkilən eyniadlı filmi də izləyib. Bundan sonra onda qara "Volqa" avtomobilinə böyük maraq yaranıb. Eyni zamanda, belə avtomobillərin sovet hakimiyyəti illərində daha çox dövlət məmurlarının istifadəsində olması erkən gənclik yaşlarından Füzuli İbrahimovu bu maşınları əldə etməyə həvəsləndirib.

İllər sonra uşaqlıq arzularını gerçəkləşdirən Füzuli İbrahimov nəinki avtomobilləri öz kolleksiyasına daxil edə bilib, hətta həmin maşınların hər birinin yenilənməsi üçün müəyyən vəsait də xərcləyib.

Avtomobillər alınarkən baxımsız və nasaz vəziyyətdə olublar. Ona görə də ehtiyat hissələri digər ölkələrdən sifariş verilib. Kolleksiyaçı bəzi detalların bərpası üçün bəzən günlərlə respublikanın rayonlarını gəzməli olub. Bununla belə, kolleksiyaçı avtomobilləri əvvəlki görkəminə qaytara bilib, onların salonuna müasir dizayn verib, xeyli yeniliklər əlavə edib.

Belə ki, "UAZ - 469" avtomobilində istirahət üçün açılıb-yığılan yataq dəsti, divan, kreslo, çay servisi və 2 ədəd monitor quraşdırılıb.

Qara rəngdə olan "Volqa"lardan birində əsasən oturacaqlarda dəyişiklik edilib və avtomobilin salonu elektronlaşdırılıb.