“Dünya görmüş” robotlar “adam” da ola biləcəkmi? –


Digərləri 25 Yan 2020 23:35:00 212 0

“Dünya görmüş” robotlar “adam” da ola biləcəkmi? –

Demək olar ki, hər gün süni intellektə aid xəbərlərlə qarşılaşırıq. Bu informasiyalar fantastik filmləri xatırladır. "Robot polis iş başında", "Robot həkim ilk əməliyyatını keçirdi", "Robot mühəndis yeni bir layihə üzərində işləyir", "Robot bəstəkar Bethovenin onuncu simfoniyasını tamamlayacaq", "Şagird xəsətləndikdə məkətəbə robotunu göndərəcək" kimi başlıqlar insanı düşünməyə məcbur edir. Bəzənsə materiallarda əks olunan qorxulu robot şəkilləri  insanı təşvişə salır.

Bəs robotlara qarşı  müdafiə hazırlıqları görməyin vaxtı gəlib çatıbmı?

Bir neçə xarici mütəxəssis süni intellektin yaxın gələcəkdə sürətli şəkildə inkişaf edərək, insan köməyi olmadan çalışacağını bildirir. Belə qənaət formalaşıb ki, robotların bütün proseslərə bu qədər yansıması insanlığı ya məhvə aparacaq, ya da ölümsüzləşdirəcək. Bu fikir özlüyündə real təhlükədən xəbər verir.

Mütəxəssislər gələcəyin təhlükəsinə çevrilə biləcək robotların davranışına yeni qaydaların tətbiqini təklif edirlər. Bu qaydalarda ən başlıca amil insan təhlükəsizliyi olmalıdır.

Son.az ted.az-a istinadən bildirir ki, bununla bağlı fikirlərini bildirən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi Elviz İsmayılov süni intellektin müstəqil qərar qəbul etdiyi halda təhlükə obyektinə çevriləcəyini deyir: "Əgər gələcəkdə, süni intellekt insanların təsdiqi olmadan tam müstəqil qərar qəbul etsə, bu əlbəttə ki, real təhlükədir. Hazırda bu təhlükə mövcud deyil, amma gələcəkdə sərbəst qərar qəbul edən robot insanlara zərər verə bilər. Məsələn, süni intellektə insanı qorumaq həvalə olunur. Bəs insanı insandan qorumaq lazımdırsa? Məncə, bu fakt hər zaman insanı düşündürür. Yaxud da süni intellektə təbiəti qorumaq tapşırılır. Təbiətə bilmədən belə olsa, 5 yaşlı uşaq zərər versə necə? Süni intellekt qarşısında 5 yaşlı uşağı yox, təbiətin düşmənini görəcək və onu məhv edə bilər. Bəlkə də, süni intellekt 100% doğru qərar verə bilər. Amma onun doğru qərarı faciə ilə nəticələnəcək. Bir uşaq nəyəsə təhlükə yaratdıqda mən onu öldürə bilmərəm. Amma o, robotdur, insani hissləri yoxdur və o təhlükəni öldürəcək".