Əli Kərimli və yandaşları ölkənin uğurlarına kölgə salmaqdan ötrü xarici dairələrə nökərçilik edirlər


Siyasət 24 Yan 2020 17:49:00 128 0

Əli Kərimli və yandaşları ölkənin uğurlarına kölgə salmaqdan ötrü xarici dairələrə nökərçilik edirlər

"Azərbaycan dövlətinin təməlləri, sütunları, demokratik dəyərləri möhkəm dayaqlara söykənib və heç bir daxili və ya xarici qüvvə bu dayaqları sarsıtmaq gücündə deyil".

Son.az xəbər verir ki, bu fikirləri Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev "The Economist Intelligence Unit" adlı qurumun Azərbaycanla bağlı qərəzli hesabatına, eləcə də AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə dərhal bu istiqamətdə anti-Azərbaycan xarakterli fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, əslində bu qurumun və həmin qurumun ölkəmizdəki əlaltılarının canfəşanlıqları əbəs deyil. Belə məsələlərin hər birinin kökündə düşmən təlimatı, düşmən marağı dayanır: "Misal üçün, biz bir neçə gün əvvəl müntəzəm olaraq ölkəmizə qarşı qərəz, şantaj, şər-böhtan tipli "hesabatlar" yayan "Human Rights Watch" təşkilatının da dırnaqrarası mövqeyini gördük və əgər hər iki qurumun yanaşma tərzlərini müşahidə edərsək, ortada heç bir fərqin olmadığını görə bilərik. Yəni belə məsələlər əlbəttə ki, ilk növbədə düşmənlərin, əsasən də erməni lobbisinin maliyyə donorluğu etdiyi mərkəzlər tərəfindən qabardılır, lakin əlbəttə ki, nə təsdiqini, nə də ki, dəstəyini tapır. Çünki ortada xalq faktoru mövcuddur və xalqın hakimiyyətə dəstəyi, vətəndaş-iqtidar münasibətlərinin bir vəhdətdə birləşməsi reallığı belə cəhdlərin qarşısını sipər kimi alır".

Siyasi ekspert bildirib ki, bu gün bütün dünya görür və dərk edir ki, Azərbaycanda aparılan çoxşaxəli islahatlar kontekstində ölkəmiz bir çox əhəmiyyətli sorğu mərkəzləri və iqtisadi, siyasi, sosial məsələləri araşdıran analitik təşkilatların hesabatlarında yüksək yerlərə sahib olur: "Elə də uzağa getməyərək, biz bu günlərdə Davos Forumunda istər ölkəmizə, istərsə də Prezident İlham Əliyevə göstərilən xüsusi diqqəti, ehtiramı və ali nüfuz dəyərləndirmələrini misal göstərə bilərik. Məgər, bu faktlar qarşısında hər hansı bir ucuz xarici QHT-lərin, yaxud da onların sifarişlərini həyata keçirməyə cəhdlər göstərən destruktiv xarakterli radikal müxalifətin səs-küyləri xalqımız tərəfindən dəstəklənə bilərmi? Əlbəttə ki, yox! Çünki sağlam düşüncədə, sağlam fikirdə olan, vətəndaşlar bilirlər ki, ölkə inkişaf və tərəqqi yolunu tutursa, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün ardıcıl, müvafiq addımlar atılırsa, demək ki, bütün bu addımlar eyni zamanda demokratik mühitin tərkib hissəsidir".

Bəhruz Quliyev əlavə edib ki, Prezident İlham Əliyev bütün çıxışlarında, bəyanatlarında vurğulayır ki, o, vətəndaşların xidmətindədir və hər bir dövlət məmuru da xalqın xidmətçisi olmalı, xalqın maraqlarının təminatı üçün çalışmalı, qayğısına qalmalı, problemlərinin həlli üçün fəaliyyət göstərməlidir: "Bax, demokratiyanın əsl tərəfi də budur. Ölkəmizdə siyasi mövqeyinə, siyasi mənsubiyyətinə görə kimsə təqib olunmur, müxalifət partiyaları öz fəaliyyətlərini göstərirlər, müstəqil KİV-lər, TV-lər, digər informasiya resursları hər kəsə açıqdır və hər kəs də öz sözünü, fikrini azad şəkildə ifadə edir. Lakin bəzi dırnaqrarası müxalifət liderləri - xüsusilə AXCP sədri Əli Kərimli və yandaşları bu uğurlara kölgə salmaqdan ötrü hər vəchlə var-gəllər edir, bu vasitə ilə xarici dairələrə nökərçilik göstərir, əvəzində pay umurlar. Məsələnin də kökündə həmin çirkin maraqların ictimai rəyə realizə cəhdləri dayanır. Amma göründüyü kimi, onlar uğursuzluğa düçar olurlar, bundan sonra da olacaqlar".

"SƏS" qəzetinin baş redaktoru daha bir xatırlatmanı da edərək bildirib ki, "The Economist Intelligence Unit" təşkilatı qərəzli şəkildə Azərbaycana qarayaxma kampaniyası aparıbsa, bu kampaniyanı bilavasitə erməni lobbisinin təlimatı ilə həyata keçiribsə, onun da sübutu var: "Sual oluna bilər ki, nəyə görə "hesabatda" Ermənistanın guya ki, son üç ildə avtoritar rejimdən demokratik ölkəyə çevrildiyi xüsusilə qeyd olunub? Məsələ bəllidir - bu erməni lobbisinin sifarişidir və tamamilə yalan bir məlumatdır. İşğalçı ölkə, təcavüzkar hakimiyyət, minlərə insanın qanını tökmüş hərbi-siyasi xunta rejimi necə demokratik sayıla bilər?! Əgər bu gün Ermənistnda bütün vətəndaşların telefon danışıqlarının dinlənilməsi üçün yaşıl işıq yandırılırsa, ölkənin parlamentində bunun üçün rəsmən qanun düzəlişləri edilirsə, bəs bunu hansı demokratik dəyərlərə yazaq?! Ümumiyyətlə, hesab edirəm ki, belə qərəzli qurumların "hesabatlarını", "araşdırmalarını" ciddiyə almaq lazım deyil və bütün bunlara rəğmən, Azərbaycan dövləti, Azərbaycan iqtidarı öz qətiyyətli, məqsədyönlü, iradəli inkişaf, tərəqqi, demokratiya yolundan dönməyəcək, düşmənçilik marağında olan dairələrə öz ardıcıl cavabını dönməz fəaliyyəti ilə verəcək. Bax, buna hər kəs əmin olmalıdır!".