IBA Tech Akademiyasına daha iki proqram üzrə qəbul başlandı


Digərləri 24 Yan 2020 14:52:00 135 0

IBA Tech Akademiyasına daha iki proqram üzrə qəbul başlandı

Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyası "Data Analitikası", "Kibertəhlükəsizlik və sistem inzibatçılığı" istiqamətləri üzrə yeni qəbul proqramını elan edib. Bu proqramların hər biri üzrə Akademiyaya 25 tələbə qəbul olunacaq. Onlar 3 ay müddətində intensiv bootcamp kurslarında iştirak edərək müvafiq istiqamətlərdə proqramlaşdırma biliklərinə yiyələnəcəklər.

Ölkəmizin əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacı nəzərə alaraq yaradılmış IBA Tech Akademiyasının yeni qəbul proqramı üçün məhz "Data Analitikası", eləcə də "Kibertəhlükəsizlik və sistem inzibatçılığı" istiqamətlərinin seçilməsi təsadüfi deyil. Data analitikası və kibertəhlükəsizlik məsələləri hazırda bütün dünyada getdikcə aktuallaşır. Bu sahənin peşəkar mütəxəssislərinə həm ölkəmizdə, həm də qlobal əmək bazarında tələbat artır. IBA Tech Akademiyasında bu sahələr üzrə bilik və bacarıqlara yiyələnən tələbələr özlərinə qısa müddətdə uğurlu karyera qura biləcəklər.

Bu istiqamətlər üzrə Akademiyaya qəbul olunmaq istəyən şəxslər 24 yanvardan 29 fevraladək Akademiyanın rəsmi Facebook və internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az

Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, texniki test, məntiq testi və fərdi müsahibə. Təlimlərsə martın 14-dən başlayaraq 3 ay davam edəcək.

IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Tələbələrin rahat gəliş-gedişi üçün nəqliyyat imkanları təmin edilir.