Nazirlik: Qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur


Digərləri 24 Yan 2020 12:34:00 111 0

Nazirlik: Qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur

Respublika çaylarının sululuğu əsasən çay hövzələrində qış dövrü ərzində 1000-3500 m yüksəklidə qar ehtiyatları, onların temperaturdan asılı olaraq ərimə şiddətliyi və yaz dövründə düşən yağıntılar hesabına formalaşır.

Bakı. Samir Əli - Respublika çaylarının sululuğu əsasən çay hövzələrində qış dövrü ərzində 1000-3500 m yüksəklidə qar ehtiyatları, onların temperaturdan asılı olaraq ərimə şiddətliyi və yaz dövründə düşən yağıntılar hesabına formalaşır. Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. O bildirib ki, adətən qış fəslində dağlıq və dağətəyi rayonlarda qar örtüyünün əmələ gəlməsi noyabr ayının sonu və dekabr ayının əvvəlində başlayır, mart ayında davam edir: "Son illərdə qış dövrünün mülayim keçməsi və şaxtalı günlərin azalması nəticəsində qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur. Baxmayaraq ki, 2019-2020-ci illərin qış dövründə dağ və dağətəyi zonalarında qar örtüyünün yaranması 2019-cu ilin noyabr ayının 3-cü ongünlüyündə başlanmış və ayrı-ayrı günlərdə davam etsə də, təhlillər göstərir ki, qar ehtiyatı əvvəlki illərlə müqayisədə bu il də azdır. Bunu qonşu Türkiyə və Gürcüstanda Kür və Araz çaylarının hövzələrində toplanan qar ehtiyatları haqqında məlumatlar da təsdiq edir".