ETSN narahatdır - Çirkli sular çaylara və dənizə axıdılır


Digərləri 24 Yan 2020 12:27:45 122 0

ETSN narahatdır -  Çirkli sular çaylara və dənizə axıdılır

Azərbaycanda yerüstü su ehtiyatları 30 milyard, yeraltı su ehtiyatları isə təqribən 9 milyard kubmetrdir.

Bakı. Samir Əli - Azərbaycanda yerüstü su ehtiyatları 30 milyard, yeraltı su ehtiyatları isə təqribən 9 milyard kubmetrdir. Bu suların təxminən 12,8 milyard kubmetri istifadə olunur. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. O bildirib ki, suvarma, su təchizatı və sənayedə su itkiləri var: "İstifadə etdiyimiz suyun 70 faizi kənardan ölkəmizə çirklənmiş halda daxil olur. Lakin su ehtiyatımızın çox hissəsinin kənardan daxil olmasına baxmayaraq, istifadə zamanı israfçılığa yol verilir, sudan səmərəli istifadə edilmir. Qanunverciliyə görə, sudan səmərəli istifadə edilməli və onun uçotu aparılmalıdır. Bir çox amillər var ki, suların idarə olunması ilə bağlı məsələlərdə çətinliklər yaradır, xüsusən əkin sahələrinin suvarılmasında israfçılığa yol verilir, qənaətcil damcılı suvarma sistemlərindən istifadə edilmir. Hazırda ölkədə bu sahədə müvafiq tədbirlər görülür, anbarlar tikilir, suvarma kanalları inşa edilir, içməli su təchizatı sistemləri yenidən qurulur".