BSU-da Rusiya Federasiyasının nümayəndələri ilə görüş olub - (FOTO)


Digərləri 24 Yan 2020 11:21:02 119 0

BSU-da Rusiya Federasiyasının nümayəndələri ilə görüş olub - (FOTO)

Rusiya Tədris-Mədəniyyət Mərkəzində BSU-nun tələbə-gəncləri qonaqlar qarşısında bədii kompozisiya ilə çıxış ediblər

Bakı. Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova, həmin kitabxananın Elm və təhsil fəaliyyəti üzrə direktoru Tatyana Polejayeva, Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, Elektron-Kitabxana Sisteminin Baş direktoru Natalya İvanova, Elektron-Kitabxana Sisteminin Layihələr üzrə koordinatoru Vita Kutuyeva, Heydər Əliyev Fondunun nümayəndəsi Tamilla Əhmədova ilə görüşüb. Trend-ə Universitetin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Təhsil Nazirliyinin əməkdaşları Kamran Rəsulov, İlqar Dadaşov, BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirak ediblər. Görüş zamanı BSU-nun rektoru, professor Nurlana Əliyeva rusiyalı nümayəndələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 2000-ci ildə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılmış universitetin keçdiyi inkişaf yolu, fakültələri və ixtisasları, tədris edilən xarici dillər, profesor-müəllim və tələbə heyəti, tədris prosesi, həyata keçirilən elmi tədqiqatlar, universitetin fəaliyyət istiqamətləri, son illər reallaşdırılan mütərəqqi yeniliklər, genişmiqyaslı islahatlar, beynəlxalq əlaqələr və qarşıda dayanan əsas vəzifələr barədə geniş məlumat verib. Rektor qeyd edib ki, BSU unikal ali təhsil müəssisəsidir. BSU-da 10 tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onlardan ən böyüyü Rusiya Tədris-Mədəniyyət Mərkəzidir. BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov universitetin xarici ölkələrdə fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri haqqında məlumat veriblər. Öz növbəsində rusiyalı nümayəndələr və Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov səmimi və işgüzar görüşə görə BSU-nun rəhbərliyinə təşəkkür ediblər. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Sonra BSU-nun Rusiya Tədris-Mədəniyyət Mərkəzi və həmin mərkəzin Moskva və Sankt-Peterburq auditoriyaları ilə tanış olan qonaqlara mərkəzin fəaliyyəti barədə geniş məlumat verilib. Rusiya Tədris-Mədəniyyət Mərkəzində BSU-nun tələbə-gəncləri qonaqlar qarşısında bədii kompozisiya ilə çıxış ediblər. Onların çıxışları alqışlarla müşayiət olunub.