Avstriya böhran regionlarından qaçqın qəbulu proqramında iştirak etməyəcək


Dünya 24 Yan 2020 06:30:00 102 0

Avstriya böhran regionlarından qaçqın qəbulu proqramında iştirak etməyəcək

Avstriya Avropa İttifaqının Resettlement proqramında (böhran regionlarında xüsusi təhlükə altında olan qaçqınların məhdud müddətə qəbulu) iştirakını dayandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avstriyanın Federal Daxili İşlər Naziri Karl Nehammer bu məlumatı təsdiqləyib. O bildirib ki, Avropa Komissiyasına bu proqram çərçivəsində qaçqın qəbulunun dayandırılması barədə məlumat göndəriləcək. Ötən ilin iyun ayınadək Avstriya üçün bu proqramda 229 yer ayrılmışdı.

Nazirin sözlərinə görə, Avstriya kiçik bir ölkə olaraq onsuz qaçqın qəbulu sahəsində qeyri-proporsional səviyyədə öz töhfəsini verir. Son beş il ərzində Avstriyada 200 minədək şəxs sığınacaq üçün müraciət edib.

Resettlement (köçürülmə, yerin dəyişdirilməsi) proqramının mahiyyəti ondan ibarətdir ki, beynəlxalq yardım təşkilatları (məsələn, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı) böhran regionlarında xüsusi təhlükə altında olan şəxsləri seçir və onların müvəqqəti olaraq üçüncü ölkələrdə yerləşdirilməsini həyata keçirir. 2015-ci ildən bəri üç fərqli humanitar proqram çərçivəsində 1900-dən artıq qaçqını böhran regionlarından qəbul edən Avstriya tərəfi artıq bu kimi proqramlarda iştirak etmək niyyətində deyil.