Ayda oksigenin alınmasına imkan verən qurğunun prototipi hazırlanıb


Digərləri 23 Yan 2020 23:55:00 153 0

Ayda oksigenin alınmasına imkan verən qurğunun prototipi hazırlanıb

Avropa Kosmik Agentliyinin mühəndisləri gələcək kolonistlərin Ayda oksigen əldə etməsi üsulunu tapıblar.

Son.az ted.az-a istinadən bildirir ki, Ay reqolitini (qayaları örtən heterogen material) yenidən emalı bunu mümkün edəcək.

Yerdə aparılan tədqiqatlar göstərib ki, reqolitin tərkibinin 40-45 faizə qədərini oksigen təşkil edir. Reqolitdə qaz oksid minerallarının daxilindədir. Bu günədək onu çıxarmağın yolları müəyyənləşdirilməsə də, artıq elektrolizdən istifadə edərək bunu reallaşdıran qurğunun prototipi hazırlanıb.

Alimlər iddia edirlər ki, gələcəkdə qurğu Ay kolonistlərinin həyat fəaliyyəti üçün lazımi qədər oksigen istehsal etməyə imkan verəcək.

Ay tozundan oksigenin alınması texnologiyasının əsasında əridilmiş duzun elektrolizi metodu dayanır. Kimyəvi reaksiyanın başlaması üçün reqolit 950 dərəcəyə qədər qızdırılmış kalsium xloridinin əridilmiş duzu ilə qatışdırılır. Bundan sonra qarışığa verilən elektrik cərəyanı tozdan oksigeni çəkir. Bu halda əridilmiş duz elektrolit rolunda çıxış edir.