Makron israilli polisləri Qüdsdəki məbəddən qovdu


Dünya 23 Yan 2020 15:23:00 103 0

Makron israilli polisləri Qüdsdəki məbəddən qovdu

Holokost Qurbanlarının Beynəlxalq Anma Forumunda iştirak etmək üçün İsraildə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Qüdsdə İsrail təhlükəsizlik qüvvələrinin əməkdaşlarını məbəddən qovub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, insident Qüdsdəki Əski şəhərdə Osmanlı sultanının Fransa imperatoru III Napoleona 1856-cı ildə hədiyyə etdiyi, Fransa səfirliyinin nəzarət etdiyi Müqəddəs Anna kilsəsində baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə mühafizəçilərinin və İsrail təhlükəsizlik qüvvələrinin yanında olan Makronun məbədin girişində gərgin şəkildə çıxış etdiyi görünür.

"Biz bütün qaydaları çox yaxşı bilirik. Bağışlayın, amma siz də qaydaları bilirsiniz. Qarşımda etdiyiniz hərəkət xoşuma gəlmir. Heç kim heç kimi təhrik etməməlidir. Şəhərdə çox yaxşı bir iş görmüsünüz, bunu yüksək qiymətləndirirəm, dostlar. Əsrlər boyu mövcud olan qaydalara əməl edilməlidir. Bunlar gəlişimdən bəri dəyişməyib. Sizin burada olmağınız xoşuma gəlmir", -deyə Makron səsini yüksəldərək ingilis dilində israillilərə müraciət edib.

"Röyters" yazır ki, Fransa İsrailin 1967-ci ildə Yaxın Şərq müharibəsi zamanı işğal etdiyi və ilhaq etdiyi Qüdsün ərazisindəki məbədə israil polisinin daxil olmasını təxribat sayır.