Tənzimləyici Təsirin Təhlili və onun iqtisadiyyata faydaları


Digərləri 23 Yan 2020 12:59:15 127 0

Tənzimləyici Təsirin Təhlili və onun iqtisadiyyata faydaları

Tənzimləyici Təsirin Təhlili nədir?

Bakı. Tənzimləyici Təsirin Təhlili (TTT) dövlətin tənzimləyici fəaliyyətinin, yəni qanunların, inzibati aktların, qaydaların, standartların və sairə, belə fəaliyyətin təsirinə məruz qala biləcək bütün subyektlərə, bəzi hallarda isə daha dar çərçivədə, misal üçün, regional inkişafa, kiçik və orta biznesə olan sosial, iqtisadi, ekoloji və digər təsirləri qiymətləndirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) mövqeyinə görə TTT təklif edilən və mövcud tənzimləmələrin və onların qeyri-tənzimləyici alternativlərinin müsbət və mənfi təsirlərinin ciddi şəkildə qiymətləndirilməsi istiqamətində sistemli yanaşmadır. Dünya Bankının nöqteyi-nəzərindən TTT, siyasət müəyyənedicilərə müxtəlif siyasət seçimləri və hökumət müdaxilələrinin nəticələri barədə sistemli suallar verməyə kömək edən bir vasitədir (Dünya Bankı 2010b). Bu prosesin nəticəsi müxtəlif siyasət seçimlərini müqayisə etmək üçün yüksək keyfiyyətli dəlilləri təmin edən təhlil hesabatıdır (Dünya Bankı 2010a) (tənzimləyici idarəetmənin qlobal göstəriciləri, TTT üzrə dünya təcrübələri). Hazırda, TTT İƏİT-nin 35 üzv ölkəsindən 32-nin və 58 yüksək gəlirli iqtisadiyyatın 46-nın tənzimləyici fəaliyyət sisteminə daxil edilmişdir. Son illərdə Vyetnam, Mərakeş, Qazaxıstan, Rumıniya kimi dünyanın bütün regionlarından olan bir çox inkişaf etməkdə olan ölkələr də bu istiqamətdə mütərəqqi inkişafa nail olmuşlar. TTT-nin çoxsaylı faydalarından biri də dövlət və özəl sektoru bəzən milyon dollarlarla ölçülən xərclərə səbəb ola biləcək lüzumsuz tənzimləyici yükdən azad etməsidir. Bununla bağlı tanınmış nümunələrdən biri Avropa Komissiyası tərəfindən təklif edilən “Kimyəvi maddələrin qeydiyyatı, qiymətləndirilməsi, onlara icazə verilməsi və məhdudlaşdırılmasına dair tənzimləmə”nin (REACH) ilkin layihəsidir. İlkin layihənin Avropa kimyəvi maddələr sənayesi üçün təxminən 10 milyard avro dəyərində xərcə səbəb olacağı ehtimal edilirdi. Lakin, müfəssəl TTT-nin və müxtəlif tənzimləyici alternativlərlə əlaqədar ictimai müzakirələrin həyata keçirilməsindən sonra tənzimləməni iqtisadi baxımdan daha səmərəli edən və özəl sektorun üzərində yükün azaldılmasına imkan verən, eyni zamanda tənzimləmənin üstünlüklərini saxlayan düzəlişlər barədə razılıq əldə edildi. Nəticədə, müvafiq sənaye üçün yekun xərc 2 milyard avroya endirildi. TTT-nin həyata keçirilməsi üzrə ümumi xərc isə bir milyon avro, yəni azalmasına səbəb olduğu ilkin tənzimləmə layihəsi xərcindən 10,000 dəfə az olmuşdur (Dünya Bankı 2010b). TTT-nin Ümumi Prinsipləri TTT ən mütərəqqi tənzimləyici təcrübələri özündə əks etdirən aşağıdakı prinsipləri ehtiva edir: Mütənasiblik - yəni, tənzimləyicilər yalnız zəruri olduqda müdaxilə etməlidirlər. Təklif olunan həll yolları mövcud risklərə və müəyyən olunan və azaldılmasına cəhd edilən xərclərə mütənasib olmalıdır. Cavabdehlik - tənzimləyicilər qərarlarını əsaslandırmağı bacarmalı və bu qərarlarla əlaqədar sahibkarların, ictimai birliklərin, QHT-lərin (məsələn, ətraf mühitə təsirlərin qiymətləndirilməsi, cəmiyyətin həssas qruplarının qorunması üzrə ixtisaslaşmış QHT-lər və s.) nümunəsində maraqlı tərəflərlə məsləhətləşməlidirlər. Uyğunluq - hökumətin müəyyən etdiyi qaydalar və standartlar əlaqəli, bir-birinə uyğun olmalı və ədalətli şəkildə icra olunmalıdır. Şəffaflıq - tənzimləyicilər yeni fikirlərə açıq olmalı və tənzimləmələrin sadə və başa düşülən olmasını təmin etməlidirlər. Hədəflilik - istənilən tənzimləmənin məqsədi mövcud hər hansı problemin mənfi təsirlərinin azaldılması olmalıdır. TTT üzrə ən yaxşı beynəlxalq təcrübələr Bir çox ölkələrdə TTT-lər təklif olunan və ya mövcud tənzimləmələrin iqtisadi təsirlərini, xüsusilə də KOB-lara olan təsirləri qiymətləndirir. Estoniya kimi Aİ-nin yüksək gəlirli inkişaf etmiş digər ölkələri geniş əhatə dairəsinə malik təsir qiymətləndirilməsi modellərinə sahibdirlər (tənzimləyici idarəetmənin qlobal göstəriciləri, TTT üzrə dünya təcrübələri). Estoniyada TTT ilə bağlı mövcud olan təlimata əsasən, izahlı TTT arayışı növbəti ehtimal edilən təsirləri əhatə etməlidir: 1) demoqrafik təsir daxil olmaqla sosial təsir; 2) milli təhlükəsizlik və beynəlxalq əlaqələrə təsir; 3) iqtisadiyyata təsir; 4) canlı və təbii mühitə təsir; 5) regional inkişafa olan təsir; 6) dövlət agentlikləri və yerli hökumət agentliklərinin təşkilinə təsir; və 7) hər hansı digər birbaşa və ya dolayı təsir. TTT-nin digər müfəssəl nümunələri kimi Kanadanın “TTT hazırlayan üçün Təlimat”, Böyük Britaniyanın "TTT üzrə Dövlət Təlimatı" və sairə modellərinin adları çəkilə bilər. Bir çox ən yaxşı təcrübələr TTT-nin bura qədər qeyd olunmuş ənənəvi forması olan ex-ante (yəni, öncədən) təhlil ilə yanaşı, artıq qəbul edilmiş tənzimləmələrin təsirlərinin təhlilini ehtiva edən ex-post (yəni, sonrakı) qiymətləndirməni təklif edir. İƏİT-ə əsasən, bu, tənzimləmə prosesinə cəlb olunan siyasət müəyyənedici şəxslərin tənzimləmələrin nəticələrinə münasibətdə sərf olunan iqtisadi və siyasi kapitala görə cavabdehliyini təmin etməyə imkan verir. Ex-post qiymətləndirmə, həmçinin təcrübədə istifadə edilən siyasət alətlərinin effektivliyi, hər hansı siyasətin işləmə vəziyyəti, tərtibatı və icrasının səmərəliyinin artırılması məqsədilə sübutlar və məlumatlar toplamağa imkan yaradır (İƏİT 2003). Azərbaycan Respublikası üzrə TTT çərçivəsi və onun çatışmazlıqları Azərbaycan Respublikasının hüquq sistemində də TTT-nin elementləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən, “Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.” “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən, Azərbaycan Respublikasında normayaratma fəaliyyəti mütənasiblik və vətəndaşlar qarşısında cavabdehlik, demokratiklik və şəffaflıq, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi kimi prinsiplərə əsaslanır (maddə 8, Normayaratma fəaliyyətinin prinsipləri). 15 mart 2016-cı il tarixli “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, tənzimləyici təsirin təhlili lisenziyalar və icazələr sahəsində dövlət tənzimləməsinin prinsiplərindən biridir (maddə 10, Lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri). Bundan başqa, Qanunun 16-cı maddəsi xüsusi olaraq tənzimləyici təsirin təhlilinə həsr olunub. Həmin maddəyə əsasən, TTT aşağıdakıları ehtiva etməlidir: Lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinə dair qanun layihələrinin qəbul edilməsinin sahibkarlıq fəaliyyətinə mümkün təsirinin qiymətləndirilməsi; Lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyənləşdirilməsi meyarları, habelə sahibkarların və dövlətin maraqlarının qorunması amili nəzərə alınmaqla, lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən qanunların sahibkarlıq fəaliyyətinə təsirinin və qarşıya qoyulan məqsədlərə nail olunmasının qiymətləndirilməsi (maddə 16.1).