KOBİA yanında İctimai Şuranın növbəti forumunda qida biznesi məsələləri müzakirə edilib


Digərləri 23 Yan 2020 11:25:00 107 0

KOBİA yanında İctimai Şuranın növbəti forumunda qida biznesi məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın 2020-ci ildə keçirdiyi ilk forum qida biznesinə həsr edilib

Bakı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın 2020-ci ildə keçirdiyi ilk forum qida biznesinə həsr edilib. Agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, yanvarın 23-də “Qida biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş forumda KOBİA-nın, Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər. Tədbirdə qida sektoruna dair aktual məsələlər, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və görülən işlər, dövlət və özəl qurumlar arasında əməkdaşlıq müzakirə edilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, biznes subyektlərinin təklifləri dinlənilib. Forumda səsləndirilən fikirlərin, rəy və təkliflərin aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunacağı qeyd edilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, qida sektorunda çoxsaylı sahibkarlar fəaliyyət göstərir. Təkcə 2019-cu ildə bu sahədə 10 mindən artıq sahibkarlıq subyekti qeydiyyatdan keçib. Bu sahədə biznesin düzgün və səmərəli təşkili qida təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Qida sektorunda biznesin səmərəli təşkili üçün KOB-ların bilik və bacarıqlarının artırılmasına, maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsinə, yerli istehsal olan qida məhsullarının satış və logistikasına diqqətin artırılmasına, dövlət dəstək mexanizmlərinin təşviqinə ehtiyac var. Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və Qida Təhlükəsizliyi Agentliyinin sədr müvaini Rüfət Rüstəmzadə çıxışlarında qida sahəsinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən olduğunu, bu sahədə son zamanlar həyata keçirilən tədbirlər, qanunvericiliyə edilmiş dəyişikliklər və layihələr barədə məlumat veriblər.