Körpələrdə çəki azlığı


Digərləri 22 Yan 2020 22:35:00 138 0

Körpələrdə çəki azlığı

Uşaqlarda çəki azlığı hipotrofiya adlanır. Hipotrofiya zamanı uşaq orqanizmində orqan və sistemlərin inkişafı gecikir, tez-tez infeksion xəstəliklər yaranır. Hətta xəstəliyin ağır formaları körpənin həyatını itirməsinə də səbəb ola bilər. 1-ci dərəcəli hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur. 2-ci və 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur və adətən, müalicəsi xəstəxana şəraitində aparılır.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən həkim-pediatr Təranə Göyüşova körpələrdə çəki artımının pis olmasının üç qrup səbəbi olduğunu göstərib: "Birinci qrup səbəblərə qeyri-adekvat və balanslaşdırılmamış qidalanma aid edilir. Ana südü ilə qidalanan uşaqlara ananın südü azlıq edə bilər, yəni ananın südü tələb olunan miqdardan az ola bilər. Bu halda uşağın çəkisi kifayət qədər artmır, ac və narahat olur, qida qəbulları arasında minimal fasiləyə tab gətirmir. Ana südünün çatışmazlığı hallarında uşağa əlavə qida, ana südünü əvəz edən uyğunlaşdırılmış qida qarışığı verilməlidir. Uşağa çəki artımı ləngiməsinin digər səbəbi əlavə qidalanmanın gecikdirilməsidir. Əlavə qidaya başlamanın optimal müddəti uşağın 5-ci ayıdır.

İkinci qrup səbəblərə qidanın mədə-bağırsaq sistemi tərəfindən pis mənimsənilməsi aiddir. Bu zaman qidalanma düzgün və miqdar etibarı ilə kifayət qədər olsa da, bağırsaqda olan problemlər nəticəsində qəbul edilən qidalar pis mənimsənilir. Əgər çəki artımının ləngimə səbəbi bağırsaqla əlaqədardırsa, bu, nəciz ifrazının pozulması və qarın ağrıları ilə müşayiət olunur. Həmin əlamətlər baş verdikdə yalnız mütəxəssisə üz tutmaq lazımdır.

Üçüncü qrup səbəblərə maddələr mübadiləsinin pozulmağı aid edilir. Əgər çəki artımının azlığı ilə yanaşı, uşağın boy artımı da xeyli ləngiyirsə, gecikmədən həkim-endokrinoloqa və ola bilsin ki, həkim-genetikə müraciət etmək vacibdir".

Həkim-pediatrın dediyinə görə, doğuşdan sonrakı bir neçə gün ərzində körpələrin 5-7, hətta 10 faizə qədər çəki itirməsi normaldır, lakin belə olan halda südvermə tezliyinə daha çox diqqət yetirilməlidir: "Ana südü gəlməyə başlayandan sonra körpənin çəkisi artır və çəki artımını ən aşağı çəkidən başlayaraq izləmək lazımdır. Ən aşağı rəqəmlər həm 2-ci, həm də 5-ci gündə ola bilər. Ana südü ilə qidalanan körpələrin ilk 3-4 ayda çəki artımı orta hesabla gündə 30 qramdır. Ana südü çatmayanda südartırıcı vasitə kimi bitki tərkibli məhsullar içmək tövsiyə olunur.

Körpənin dördüncü ayından sonra çəki artımı aşağı düşür və 4-6 ay arasında gündə 18-20 qram, 7-9 aylar arası gündəlik 15 qram və 9-12 ay arası gündəlik 8-10 qram norma sayılır. Körpənin ilk 12 ay ərzində boy artımı və baş çevrəsinin böyüməsi normal inkişaf etməsinin çox vacib əlamətlərindən hesab olunur.