Dövlət Turizm Agentliyi Uels azarkeşləri ilə bağlı: Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar


Digərləri 22 Yan 2020 21:41:00 139 0

Dövlət Turizm Agentliyi Uels azarkeşləri ilə bağlı: Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar

Dövlət Turizm Agentliyi futbol üzrə 2020-ci il Avropa çempionatında iştirak etmək üçün Bakıya gələcək Uels komandasının bəzi fanatlarının hotellərdə bron etdiyi yerlərin ləğv edilməsi və qiymətlərin qaldırılması barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumata münasibət bildirib.

Son.az xəbər verir ki, Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Trend-ə açıqlamasında belə hallar barədə məlumatının olduğunu bildirib.

Lakin o, bu məsələnin artıq nəzarətdə olduğunu, tezliklə həll ediləcəyini söyləyib:

"Biz çalışacağıq ki, digər strukturlarla birlikdə bu problemi həll edək və futbol pərəstişkarları məmnun qalsınlar. Qonaqpərvər ölkə olan Azərbaycanın bu tip tədbirlər keçirmək təcrübəsi böyükdür. Azərbaycanda artıq Avropa oyunları, Formula 1, UEFA Avropa Liqasının finalı və s. keçirilib. İndiyədək bütün problemlər yoluna qoyulub və əlbəttə ki, bu məsələ də öz həllini tapacaq".