Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib (FOTO)


Digərləri 22 Yan 2020 18:21:00 178 0

Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib (FOTO)

Hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilib.

Bakı. Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2019-cu ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövrü ərzində Bakı şəhər prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilib. Qeyd olunub ki, 2018-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 11813 hadisə qeydə alındığı halda, 2019-cu ildə 637 hadisə, yəni 5,4% azalaraq 11176 hadisə olub, onların açılma faizi 0,4 % azalaraq 79,8 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 30 hadisə və ya 2,3 % azalaraq 1278 olub. Müşavirədə cinayət hadisələrinin sayının azalması müsbət göstərici kimi qiymətləndirilsə də, cinayətlərin açılma faizinin azalması ciddi nöqsan kimi vurğulanaraq bağlı qalan cinayətlərin açılması üçün zəruri olan istintaq-əməliyyat və axtarış tədbirlərinin həyata keçirilməsi tələb edilib. 2019-cu ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2018-ci ildə 66 hadisə) 1-i istisna olmaqla, habelə 26 qəsdən adam öldürməyə cəhd cinayətinin (2018-ci ildə 32 hadisə) hamısının açılması təmin edilib. 2018-ci illə müqayisədə hesabat dövründə quldurluq hadisəsi 3 hadisə az, yəni 73 hadisə qeydə alınmış, onlardan 8-i bağlı qalıb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 6 fakt azalaraq 206 olmuş, onlardan 2-i bağlı qalıb. 2019-cu ildə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1027 işdən 534-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 12163 cinayət işindən 4207-nin istintaqı tamamlanıb. Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 10 milyon 477 min manat maddi ziyandan 42 %-i, yəni 4 milyon 427 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 28 milyon 171 min manat maddi ziyandan 95 %-i, yəni 26 milyon 795 min manatı istintaq zamanı ödətdirilib. Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılıb.