MTRŞ: Real xəbərlərdən fərqli olaraq, saxta xəbər həmişə “partladır”


Sosial 22 Yan 2020 17:30:01 161 0

MTRŞ: Real xəbərlərdən fərqli olaraq, saxta xəbər həmişə “partladır”

“İnformasiyanın sürətli ötürülməsi və yayılması onun səhihliyi, tərəfsizliyi, qərəzsizliyi və obyektivliyi ilə bağlı sualları açıq qoyur. Belə ki, bugün sosial şəbəkələrdə profil sahibi olan hər kəs istədiyi informasiyanı yaymaq imkanına malikdir. Həmin şəxs isə yaydığı informasiyanı dəqiqləşdirməyi, mənbə göstərməyi, onun sosial-psixoloji nəticələri barədə

“İnformasiyanın sürətli ötürülməsi və yayılması onun səhihliyi, tərəfsizliyi, qərəzsizliyi və obyektivliyi ilə bağlı sualları açıq qoyur. Belə ki, bugün sosial şəbəkələrdə profil sahibi olan hər kəs istədiyi informasiyanı yaymaq imkanına malikdir. Həmin şəxs isə yaydığı informasiyanı dəqiqləşdirməyi, mənbə göstərməyi, onun sosial-psixoloji nəticələri barədə düşünmür”.

“Report” xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının yaydığı “Media savadlılığı niyə bu qədər aktualdır?!” adlı məqalədə bildirilib.

Qeyd olunub ki, hazırda mövcud olan informasiya bolluğu şəraitində, başqa sözlə, informasiya qarmaqarışıqlığında insanların “feyk” xəbərlə doğru xəbəri ayırd etməsi problemə çevrilib:

“Fake news”- saxta, yalan xəbərlər, məlumatların bir hissəsinin və ya hamısının saxta olduğu bir məlumat məhsuludur. Sosial şəbəkələrin meydana çıxması ilə “fake news” auditoriya sayının artırılması yollarından birinə çevrilib”.

MTRŞ-nın yazısında vurğulanır ki, saxta xəbərlərin müəllifləri baş verən bütün hadisələri izləmir və real, lakin darıxdırıcı hadisəyə fantastik bir element əlavə edir: “Adətən rezonans doğurmayan real xəbərlərdən fərqli olaraq, saxta xəbər həmişə “partladır”. Sirr ondadır ki, 90% ehtimalla adi bir istifadəçi adi xəbərlərə (iqtisadiyyat, mədəniyyət) fikir verməyəcək, lakin maraqlı başlığı olan və standart olmayan məzmunlu xəbərləri tıklayacaq. Bu isə informasiya məkanında qeyri-müəyyənlik yaradır, dezinformasiya ilə informasiyanın ayırd edilməsində ciddi çətinlik yaradaraq çaşqınlığa səbəb olur.

Bu gün sosial şəbəkələrdə yayılan məlumatlar, yazılan status və rəylər bir çox hallarda, ciddi saytların və digər informasiya vasitələrinin səhifələrində, xəbər lentlərində əksini tapır. Sosial şəbəkələrin kütləviliyi bir tərəfdən ictimai nəzarət baxımından müsbət məqam olsa da, bəzən yanlış informasiyanın əsasında insanların çaşdırılması, baş verənlərin mahiyyətinə varmadan bu və ya digər məsələ barəsində neqativ və ya müsbət rəyin formalaşması ilə nəticələnir.

Hazırda Azərbaycanın informasiya məkanında onlayn media və sosial şəbəkələrin dominantlaşması tendensiyası özünü göstərir. Belə ki, artıq hətta televiziya və radioların bir sıra hallarda sosial medianın arxasınca getdiyi, müzakirəyə çıxarılan bu və ya digər mövzuların sosial şəbəkələrdən əxz edilməsi özünü göstərir. Bunun müsbət cəhəti odur ki, televiziya sosial şəbəkələrdə yayılan və ya müzakirə edilən problemi görür və onu daha geniş şəkildə və daha böyük auditoriyaya təqdim etməklə həmin məsələnin həllinə yardımçı olur. Lakin bəzən televizyalar sosial şəbəkələrdə yer alan bu və ya digər məsələnin təsiri altına düşürlər ki, bu da peşəkarlıqdan uzaq olur.

Son zamanlar belə bir fikir yayılır ki, cəmiyyətin problemlərinin həllində televiziya da məsuliyyət daşıyır. Düzdür, televiziya KİV olaraq bu və ya digər problemlərin qabardılması və işıqlandırılmasını həyata keçirə bilər. Bu, onun sosial məsuliyyəti baxımından önəmlidir. Lakin nəzərə almaq lazımdır ki, televiziya daha çox maariflənmə və əyləncə vasitəsidir. Televizyanın əyləndirmək funksiyası son dövrlər daha da qabarmışdır. Bu mənada televizya ilə bağlı gözləntilərə maksimalist yanaşılmamalıdır. Televizya və radio təmsil etdiyi cəmiyyətin güzgüsüdür. Daha sadə desək, televiziya və radio ayrı-ayrı şəxslərin və cəmiyyətin həyatını formalaşdırmaqla yanaşı, onların təsirinə də məruz qalır".