Emin Əliyev: "Ölkədə quraqlığa və xəstəliyə davamlı yeni toxum sortları yaradılaraq sınaqdan keçirilir" - MÜSAHİBƏ


İqtisadiyyat 22 Yan 2020 16:37:15 190 0

Emin Əliyev: "Ölkədə quraqlığa və xəstəliyə davamlı yeni toxum sortları yaradılaraq sınaqdan keçirilir" - MÜSAHİBƏ

Emin Əliyev: "Ölkədə quraqlığa və xəstəliyə davamlı yeni toxum sortları yaradılaraq sınaqdan keçirilir"

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondu ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz etmək, habelə təbii fəlakətə (sel, yanğın, quraqlıq və s.) məruz qalmış bölgələrdə toxuma olan ehtiyacı aradan qaldırmaq, daxili bazarda toxum çatışmazlığının və toxumun qiymət artımının qarşısını almaq məqsədilə ölkə prezidentinin 2 mart2015-ci il tarixli sərəncamı ilə yaradılıb. Fondun sədri Emin Əliyev “Report”a müsahibəsində ötən il bu istiqamətlərdə görülən işlər və gələcək planları barədə danışıb.

- Bu gün yağıntıların qeyri bərabər olması, quraqlığın artması məhdud olan torpaq və su ehtiyatların daha da səmərəli istifadəni zəruri edir. Aidiyyəti dövlət orqanları, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər planı müəyyənləşdirməsi ilə bağlı məlumatlar yayırlar. Bu səpkidə Kənd Təsərrüfatı Nazirliyi quraqlığa və xəstəliyə davamlı toxum sortlarının yetişdirməsi ilə bağlı hansı işləri həyata keçirir?

- Kənd Təsərrüfatı Nazirliyinin tərkibində fəaliyyət göstərən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu (TETİ) və Əkinçilik İnstitutu ölkədə toxumçuluq və bitkiçilik sahələrinin inkişafı istiqamətində mütəmadi olaraq işlər aparır. Hazırda bu institutlarda mövcud olan və müasir dövrün bütün standarta cavab verən laboratoriya vasitəsilə quraqlığa və xəstəliyə qarşı daha çox davamiyyəti olan yeni toxumlar yaradılaraq sınaqdan keçirilir. Bu sınaqlar buğda, arpa, kartof və qarğıdalı toxumları üzərində aparılır və gözlənilən nəticə alındığı təqdirdə həmin sortlar Dövlət Reyestrinə salınaraq ölkədə fəaliyyət göstərən fermerlərin ixtiyarına veriləcək.

- Məlumatımıza əsasən, ötən il artıq iki Toxum Emalı müəssisələri fəaliyyətə başlayıb və onların vasitəsi ilə nə qədər toxum emal olunub? Gələcəkdə yeni müəssisələrin yaradılmasına ehtiyac varmı?

- 2019-ci ildə Dövlət Toxum Fondunun Şəki və Xaçmaz bölgələrində mövcud olan iki Toxum Emalı zavodları istismara verilib. Zavodlar Türkiyədə fəaliyyət göstərən “AKYUREK” şirkətinin avadanlıqları, həmçinin “MYSİLO” brendinə məxsus silolar ilə təmin olunub. Zavodlar saatda 5 ton toxum emal etmək gücünə və 1500 ton toxum həcminin təhlükəsizlik şəkildə saxlanılmasını həyata keçirmək imkanlarına malikdir. 2019-cu ildə bu zavodların vasitəsilə 5000 tona yaxın toxum emal olunub. Bu da yaxın regionlarda toxumçuluq sahəsi ilə məşğul olan fermerlərin keyfiyyətli emal tələbatlarını azaldıb. Zavodlarda emal prosesindən keçən toxumlar 95%-ə qədər təmizlənərək yüksək məhsuldarlıq xüsusiyyətlərinə malikdir.

Yeni müəssisələrə gəlincə isə, Fondun hazırda Ağcəbədi, Tovuz, Qobustan bölgələrində fəaliyyət göstərəcək emal zavodlarında quraşdırma-tamamlanma işləri aparılır və 2020-ci ilin sonuna qədər həmin zavodlar tam istismara veriləcək.

- Bu il Dövlət Toxum Fondu hansı layihələr üzərində işləyəcək?

- 2020-ci il üçün Fond prioritet olaraq Ağcəbədi, Tovuz və Qobustan bölgələrində fəaliyyət göstərəcək emal zavodlarının tam hazır vəziyyətə gətirib çıxarılmasını seçib. Zavodların işə düşməsi həmin bölgələrdə fəaliyyət göstərən fermerlərin emal tələbatlarının qismən ödənilməsinə və toxumlarının yüksək keyfiyyətlə təmizlənməsinə xidmət edəcək.

- Dövlət Toxum Fondunun ölkənin bir sıra rayonlarında mağazaları açılıb. Bu cür mağazaların açılmasında məqsəd nə idi və növbəti ildə onların sayının artırılması nəzərdə tutulurmu?

- Ölkənin Xaçmaz, Zaqatala və Cəlilabad bölgələrində “Toxumart” brendi altında bu mağazalar artıq açılıb. Mağazaların məqsədi fermerləri yüksək məhsuldar və sertifikatlı toxumlarla təmin etməkdir. Bazarda mövcud olan toxumların bəzən gözlənilən nəticəni verməməsi, fermerlər əkin zamanı gözlənilən məhsulun əldə bilməməsinə və fermerlərin narazılığına səbəb olur.

Fond olaraq bizim əsas vəzifəmiz fermerlərin məmnuniyyətini təmin edərək, onlar üçün keyfiyyətli toxumları əlçatan etməkdir. Bu səbəbdən, “Toxumart” brendi altında fəaliyyət göstərən mağazalar açılıb və sertifikatlı toxumlar, habelə onlara qulluq vasitələri fermerlərə təqdim edilməyə başlayıb. Bu uğurlu addımın davamı olaraq, Dövlət Toxum Fondu 2020-ci il üçün Bərdə, Şəmkir və Sabirabad rayonlarında yeni mağazaların açılışını həyata keçirəcək.