Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələr keçirilir (FOTO)


Digərləri 22 Yan 2020 12:59:00 119 0

Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələr keçirilir (FOTO)

Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələr başlayıb.

Bakı. Elçin Mehdiyev – Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələr başlayıb. Trend-in məlumatına görə, layihənin gerçəkləşdirilməsində başlıca məqsəd 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi üçün atılan bütün addımlarla yanaşı, seçki mübahisələrinin həlli istiqamətində də müvafiq məhkəmələrin və dairə seçki komissiyalarının məlumatının artırılması, bununla bağlı görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasından ibarətdir. Tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, belə formatla vətəndaşlarımızın seçib-seçilmək hüquqlarının həyata keçirilməsi üçün hüquqi baza mövcud olur: “Seçki Məcəlləsi Azərbaycan mütəxəsisləri ilə yanaşı, həm də beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb. Seçkiləri hazırlayıb keçirən orqan kimi borcumuz ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarını reallaşdırmağa xidmət edən bu tədbir sivil, müasir dünyanın qanunvericilik hüquqlarına uyğun şəkildə həyata keçirilsin. Bunun üçün də bu və ya digər mərhələdə bu və ya digər məsələ ilə bağlı hansısa xoşagəlməz hal olduğu iddia edilirsə, aidiyyəti tərəf bu halları ancaq qanunvericilik bazası əsasında araşdırmalıdır”. MSK sədrinin sözlərinə görə, Azərbaycan Avropa ailəsinin üzvüdür: “Ölkəmiz Avropa mədəniyyətinin dəyərlərini qəbul edib və insanlarımız o prinsiplər əsasında həyatını qurub. Mütləq əksəriyyət başa düşür ki, qanunlara hörmət prinsipi əsasında həyatını qurmaq daha gözəldir. İnsanların həyatında qanunların aliliyi mərkəzdədirsə, bu cəmiyyət nailliyyət əldə edir. Hansı xalq qanunlara hörməti ali yanaşma kimi qəbul edirsə, həmin xalq inkişaf edir”. M.Pənahov qeyd edib ki, yerlərdə seçki siyasətini müəyyən etməyə heç kimin hüququ yoxdur: "Ölkədə demokratik, şəffaf seçki keçirmək üçün siyasi iradə yoxdursa, bunu etmək mümkün olmur. Dünya tərəfindən qəbul edilmiş prinsiplər əsasında bu cür seçki keçirilir. Yerlərdə kiminsə qonşusu, qohumu ilə münasibətləri seçkinin keçirilməsinə təsir etməməlidir”. Sonra tədbirdə Ali Məhkəmənin hakimi Xəqani Məmmədov çıxış edib. X.Məmmədov bildirib ki, Azərbaycan Respublikasının demokratik siyasi quruluşu seçki hüququnu tam təmin edir. MSK-nın qərarından narazı qalmış şəxslərin məhkəməyə müraciət etmək hüququ var. Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi də mövzu ilə əlaqədar çıxış ediblər. Gündəliyə uyğun olaraq, açılış nitqlərindən sonra tədbir Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsindən olan təmsilçilərin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, Milli Məclisə seçkilərdə seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə icraat” mövzularında təqdimat və çıxışları ilə davam edib. Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, region üzrə apellyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyaları sədrlərinin iştirak etdiyi tədbirin sonunda seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib. Qeyd etmək lazımdır ki, seçki mübahisələrinin həllinə həsr olunan növbəti regional seminar-müşavirələrin paralel olaraq eyni vaxtda - yanvarın 24-də Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməklə keçirilməsi nəzərdə tutulur.