MSK sədri: “Yerlərdə kiminsə qonşusu, qohumu ilə münasibətləri seçkinin keçirilməsinə təsir etməməlidir”


Siyasət 22 Yan 2020 12:51:19 111 0

MSK sədri: “Yerlərdə kiminsə qonşusu, qohumu ilə münasibətləri seçkinin keçirilməsinə təsir etməməlidir”

Bu gündən Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələr başlayıb.&

© Report / Firi Salim

Bu gündən Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələr başlayıb.

“Report” xəbər verir ki, layihənin gerçəkləşdirilməsində başlıca məqsəd 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunaraq azad və ədalətli keçirilməsi üçün atılan bütün addımlarla yanaşı, seçki mübahisələrinin həlli istiqamətində də müvafiq məhkəmələrin və dairə seçki komissiyalarının məlumatının artırılması, bununla bağlı görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasından ibarətdir.

MSK sədri Məzahir Pənahov deyib ki, belə formatla vətəndaşlarımızın seçib-seçilmək hüquqlarının həyata keçirilməsi üçün hüquqi baza mövcud olur: “Seçki Məcəlləsi Azərbaycan mütəxəssisləri ilə yanaşı, həm də beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb. Seçkiləri hazırlayıb keçirən orqan kimi borcumuz ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarını reallaşdırmağa xidmət edən bu tədbir sivil, müasir dünyanın qanunvericilik hüquqlarına uyğun şəkildə həyata keçirilsin. Bunun üçün də bu və ya digər mərhələdə hansısa məsələ ilə bağlı xoşagəlməz hal olduğu iddia edilirsə, aidiyyəti tərəf bunları yalnız qanunvericilik bazası əsasında araşdırmalıdır”.

Onun sözlərinə görə, Azərbaycan Avropa ailəsinin üzvüdür: “Ölkəmiz Avropa mədəniyyətinin dəyərlərini qəbul edib və insanlarımız həmin prinsiplər əsasında həyatını qurub. Azərbaycanın mütləq əksəriyyəti başa düşür ki, ən gözəli qanunlara hörmət prinsipi əsasında həyatını qurmaqdır. İnsanların həyatında qanunların aliliyi mərkəzdədirsə, bu cəmiyyət nailiyyət əldə edir. Hansı xalq qanunlara hörməti ali yanaşma kimi qəbul edirsə, inkişaf edir”.

M.Pənahov qeyd edib ki, yerlərdə seçki siyasətini müəyyənləşdirməyə heç kimin hüququ yoxdur: "Ölkədə demokratik, şəffaf seçki keçirmək üçün siyasi iradə yoxdursa, bunu etmək mümkün olmur. Dünya tərəfindən qəbul edilmiş prinsiplər əsasında bu cür seçki keçirilir. Yerlərdə kiminsə qonşusu, qohumu ilə münasibətləri seçkinin keçirilməsinə təsir etməməlidir”.

Ali Məhkəmənin hakimi Xəqani Məmmədov bildirib ki, Azərbaycan Respublikasının demokratik siyasi quruluşu seçki hüququnu tam təmin edir: "MSK-nın qərarından narazı qalmış şəxslərin məhkəməyə müraciət etmək hüququ da var”.

Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi də mövzu ilə bağlı çıxış ediblər.

Gündəliyə uyğun olaraq açılış nitqlərindən sonra tədbir Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsindən olan təmsilçilərin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, Milli Məclisə seçkilərdə seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə icraat” mövzularında təqdimat və çıxışlarla davam edib.

MSK üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, region üzrə apellyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyaları sədrlərinin iştirak etdiyi tədbirin sonunda seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Qeyd edək ki, seçki mübahisələrinin həllinə həsr olunan növbəti regional seminar-müşavirələrin paralel olaraq eyni vaxtda - yanvarın 24-də Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və dairə seçki komissiyalarını əhatə etməklə keçirilməsi nəzərdə tutulur.