Həzi Aslanovun 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib


Siyasət 22 Yan 2020 12:36:39 137 0

Həzi Aslanovun 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Bu gün görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illi tamam olur.

Bu gün görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illi tamam olur.

"Report" xəbər verir ki, bu münasibətlə adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun abidəsi önündə tədbir keçirilib.

Mərasimdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Həzi Aslanovun ailə üzvləri, veteranlar, xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri, kursantları, təhsil ocaqlarının və ictimaiyyət nümayəndələri iştirak edib.

Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbiri açan Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani iki dəfə Sovet İttifaqı Qəhrəmanının mənalı həyat və şərəfli döyüş yolundan danışaraq Həzi Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib.

O bildirib ki, H.Aslanovun döyüş yolunun öyrənilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyır.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov H.Aslanovun hərbi xidmətlərindən danışıb, görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu qeyd ediblər.

Həzi Aslanovun nəticəsi Emin Aslanov ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu il dekabrın 29-da görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.