Fuad Allahverdiyev: “Əsas məqsəd Azərbaycanı regionun əsas digital mərkəzi etməkdir” - VİDEO


İqtisadiyyat 22 Yan 2020 09:45:52 131 0

Fuad Allahverdiyev: “Əsas məqsəd Azərbaycanı regionun əsas digital mərkəzi etməkdir” - VİDEO

Bu da yeni yaranan marşrutun ən yaxın, ən sərfəli və gecikmələri ən az olan bir marşrut olacaq

“AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev İsveçrənin Davos şəhərindəişə başlamış sayca 50-ci Dünya İqtisadi Forumu çərçivəsində “Report”a müsahibə verib.

- Forum çərçivəsində keçirilən"Caspian Week" forumunda ekspert kimiçıxış edəcəksiniz. Hansı məsələləri vurğulayacaqsız?

- Bugün “Caspian Week” tədbiri çərçivəsində həmçinin “AzərTelecom” şirkətinin icra etdiyi layihənin təqdimatı olacaq. Layihənin məqsədi Avropa ilə Asiya arasında internet bağlantısında Azərbaycanı tranzit bir marşrutdan mərkəzi ölkəyə çevirməkdir. Bu məqsədlərin daxilində əsas olan layihələrdən biri də “Transxəzər Fiber-Optik Kabel xətti” layihəsidir. “Transxəzər Fiber-Optik Kabel xətti” layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi Azərbaycan həmişə, tarixi boyu Avropa ilə Asiya arasında “İpək Yolun”da mərkəzi ölkə olub. Müasir dövrdə də Azərbaycan bu infrastruktur layihələrini icra etməklə Asiya ilə Avropa arasındakı internet tranzit marşrutlarının Azərbaycandan keçməsini təmin edəcək və burada ən önəmli layihələrdən biri Xəzərdən keçən fiber-optik kabelin inşa olunmasıdır.

“Transxəzər Fiber-Optik Kabel xətti” layihəsi özü iki istiqamətdən ibarətdir. Birinci istiqamət Azərbaycan – Qazaxıstan istiqaməti üzrədir və ikinci istiqamət isə Azərbaycan – Türkmənistan istiqamətidir. Azərbaycan – Qazaxıstan istiqaməti üzrə inşa olunan Xəzər dənizindən keçən fiber-optik kabeli Asiya ilə Avropa arasında bağlantı yaradacaq və burada məqsəd Çin və Çin ətrafında olan ölkələrin internet tranzit marşrutlarının Azərbaycandan keçməsidir. Belə bir statistikanı sizə deyim ki, hazırda həmin marşrutların 1 istiqaməti Rusiya üzərindən keçir. Uzunluğu təxminən 11 min km-ə yaxındır. İkinci istiqamət isə Çindən keçən marşrutlar okean üzərindən bağlantılar gedir. Əsas bu bağlantılar Avropa Birliyində yerləşən müxtəlif data mərkəzlərində birləşir və internet oradan alınır. Çünki internetin məlumatların yerləşdirildiyi həmin məlumat mərkəzləri əsasən Frankfurt, London, Amsterdan, Sofiya və bu kimi şəhərlərdə yerləşir. Azərbaycana keçən bu marşrutun 9 min km olması planlaşdırılır. Bu da yeni yaranan marşrutun ən yaxın, ən sərfəli və gecikmələri ən az olan bir marşrut olacaq.

İkinci planlaşdırıdığımız istiqamət Azərbaycan – Türkmənistan istiqaməti üzrədir. Burada isə əsas məqsəd gələcəkdə Hindistan və onun ətrafında olan ölkələrin də internetə olan tələbatının da Azərbaycan üzərindən tranzit olaraq ödənilməsidir. Bu istiqamətdə də artıq layihələndirmə işlərinə davam olunmuşdur. Sabahkı tədbirdə də biz “Transxəzər Fiber-Optik Kabel xətti” layihəsinin mahiyyəti və çəkilən bu infrastruktur layihələrinin gələcəkdə həm Azərbaycana, həm də Azərbaycan ətrafında olan regionlara verəcəyi birbaşa və dolayı yolla verəcəyi töhfələrdən danışacağıq. Çünki biz bu gün 4-cü sənaye inqilabı dövründə yaşayırıq. Yəni 4-cü sənaye inqilabı bu gün “Davos Forumu”nda geniş müzakirə olunan mövzulardan biridir. Çünki yeni iqtisadiyyatın səmərəliliyi və effektivliyi təbii ki, 4-cü sənaye inqilabında rəqəmsal həllərin inkişafına bağlıdır. Bu istiqamətdə infrastruktur layihələri çox vacib bir yer tapır və bu layihəni icra etməklə bunun bəhrəsini həm Azərbaycan iqtisadiyyatı və onun ətrafındakı regionda olan digər ölkələrin də iqtisadiyyatına öz töhfəsini verəcək. Növbəti mərhələdə məqsədimiz odur ki, bu infrastruktur layihələrini qurmaqla gələcəkdə Azərbaycanda məlumat mərkəzlərinin də burada yerləşdirilməsi və böyük şirkətlərin – artıq kontent operatorlarının, “google”, “Amazon”, “Facebook”, “Alibaba” – bu kimi şirkətlərin də məlumat mərkəzlərinin də Azərbaycanda yerləşməsi və gələcəkdə internet trafikində artıq Azərbaycan tranzit olaraq iştirakı yox, Azərbaycana həmin internet trafiklərinin ixrac olunması nəzərdə tutulub və bu “Azerbaijan Digital Hub” proqramı çərçivəsində icra olunur və proqramın əsas məqsədi Azərbaycanı regionun əsas digital mərkəzi etməkdir.