IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib


Digərləri 21 Yan 2020 16:06:00 144 0

IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib

IDEA İctimai Birliyi ağac kəsilməsi, vəhşi heyvanların qanunsuz saxlanması və qaçaqmalçılığı ilə yanaşı, artıq küçə və digər ictimai yerlərdə su sızmalarının aşkar edilməsi halları ilə rastlaşdıqları zaman da vətəndaşları IDEA-nın "1113 - Təbiətin təcili yardımı" qaynar xəttinə məlumat verməyə çağırır.

Son.az xəbər verir ki, IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, xüsusi yaradılmış eyniadlı mobil qrup daxil olan şikayətləri yerində araşdıracaq, foto və video materiallar toplayaraq, müvafiq dövlət qurumları ilə birlikdə təxirəsalınmaz tədbirlər görəcəkdir.

Məlumdur ki, su həyatı təmin edən əvəzolunmaz nemətdir. Amma təəssüf ki, əksər ölkələrdə məişət suyu itkiləri 20-70% arasındadır və bu itkilər suyun küçə və digər ictimai yerlərdə sızması nəticəsində baş verir. Bununla da, əhalisi sürətlə artan dünyada şirin suyun mövcudluğu daha da məhdudlaşa bilər. Su ehtiyatlarından səmərəli istifadə etmək və su itkilərini əhəmiyyətli dərəcədə azaltmaq qarşıda duran önəmli məslələlərdəndir.

Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi bir daha hər kəsi ətraf mühitə qarşı məsuliyyətli olmağa, su israfına yol verməməyə və su təchizatı şəbəkələrində sızma və ya qəzalar ilə bağlı dərhal "1113" qaynar xəttinə məlumat verməyə çağırır!