"Davos Forumu ölkəmizin dünyaya iqtisadisiyasi inteqrasiyasını sürətləndirir"


Siyasət 21 Yan 2020 13:36:00 120 0

"Davos Forumu ölkəmizin dünyaya iqtisadisiyasi inteqrasiyasını sürətləndirir"

Davos Forumu dünyanın həm iqtisadi, həm də ictimai-siyasi gündəminin müzakirə olunduğu ən mötəbər beynəlxalq platformalardan biridir. Dünyanın aparıcı dövlət və hökumət başçılarının, qlobal korporasiyaların, nüfuzlu beynəlxalq şirkətlərin, habelə beyin mərkəzlərinin iştirak etdiyi Forum dünyada gedən ümumi iqtisadi meyillər haqqında dolğun məlumat əldə etmək üçün geniş imkanlar açır.

Son.az xəbər verir ki, bunu Trend-ə politoloq Cehyun Əhmədli deyib. Onun sözlərinə görə, Azərbaycan artıq 13 ildir ki, Davos Forumunda dövlət başçısı səviyyəsində iştirak edir: "Bunun özü ölkəmizə olan yüksək etimadın göstəricisidir. Bu platforma Azərbaycan reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün unikal fürsətdir. İş adamları Azərbaycanda investorlar üçün mövcud olan əlverişli mühit haqda məlumatlandırılır. Ölkə başçısı dünyanın nüfuzlu transmilli şirkətlərinin rəhbərləri ilə görüşü zamanı ölkəmizdəki biznes mühitinin etibarlılığı və siyasi sabitlik haqda onlara məlumat verir.

Əlbəttə ki, həmin şirkətlər üçün bu kimi informasiyaları ölkənin birinci şəxsindən əldə etmək çox dəyərlidir. Bu isə son nəticədə Azərbaycana investisiya axınının artmasını təmin edir".

Politoloqun fikrincə, forum ölkəmizin dünyaya iqtisadi-siyasi inteqrasiyasını sürətləndirir: "Reallaşdırdığı meqa layihələrlə regionun enerji xəritəsini yenidən cızan Azərbaycan bu platformada iştirak etməklə özünün beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq üçün əlverişli imkan açılır. Azərbaycan qlobal problemlərin həlli prosesinə töhfə verməklə dünya birliyinin etibarlı üzvü kimi mövqeyini bərkidir.

Hesab edirəm ki, ölkəmizin Davos Forumunda uğurlu iştirakı mənfur Ermənistanın regional və qlobal blokadasını daha da daraldır. Azərbaycan dünya dövlətlərini özü ilə əməkdaşlığa cəlb etməklə həm də Ermənistanı həmin dövlətlərdən uzaqlaşdırır. Bu isə strateji hücum diplomatiyası adlanır. Ermənistanın ətrafındakı həlqə daralır. Düşünürəm ki, blokada şəraiti düşmən ölkənin rəhbərliyini kompromisə getmətə vadar edəcək".