Bu sindroma qadınlar arasında daha çox rast gəlinir


Digərləri 20 Yan 2020 19:54:00 129 0

Bu sindroma qadınlar arasında daha çox rast gəlinir

Yoğun bağırsağın funksional pozulması olan qıcıqlanmış bağırsaq sindromu zamanı qarında yaranan ağrı və xoşagəlməz hissiyyat defekasiya aktı, onun xarakter və tezliyinin dəyişməsi, yaxud bağırsaq boşalmasının pozulmalarının digər əlamətləri ilə təzahür edir. Xəstəlik zamanı mədə-bağırsaq traktında hər hansı bir üzvi dəyişiklik müşahidə olunmur.

Qıcıqlanmış bağırsaq sindromu həzm orqanlarının xəstəlikləri arasında ən geniş yayılmış xəstəliklərdən biridir. Xəstəliyin rastgəlmə tezliyi Avropa və Şimali Amerikanın inkişaf etmiş ölkələrində yaşlı əhali arasında 15-20 faiz təşkil edir. Qastroentereloqlara edilən müraciətlərin təqribən yarısı qıcıqlanmış bağırsaq sindromunun simptomları ilə əlaqəli olur. Eyni zamanda, qeyd etmək lazımdır ki, qıcıqlanmış bağırsaq sindromu olan xəstələrin üçdəbirindən azı həkimə müraciət edir, qalanları öz-özünü müalicəyə üstünlük verirlər. Xəstəlik daha çox 25-40 yaş arasında təzahür edir. Xəstəliyə kişilərə nisbətən qadınlar arasında daha tez-tez rast gəlinir.

Qıcıqlanmış bağırsaq sindromu Azərbaycanda da bağırsaq xəstəlikləri arasında ən çox rast gəlinən xəstəlikdir.

Son.az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Aftandil Verdiyev AZƏRTAC-a məlumat verib.

"Qıcıqlanmış bağırsaq sindromuna nazoloji forma kimi baxılmasına baxmayaraq, onun etiologiya və patofiziologiyası hələ tam öyrənilməyib. Xəstəliyin formalaşmasının patogenetik mexanizmləri arasında sensor-hərəki funksiyalara xüsusi diqqət yetirilir ki, bunun da əsasında visseral hiperhəssaslığın dəyişməsi durur.

İndiyə qədər qıcıqlanmış bağırsaq sindromu üçün hər hansı bir spesifik biokimyəvi, morfoloji, yaxud radioloji diaqnostik test yoxdur. Ona görə də diaqnoz birbaşa klinik simptomların dəyərləndirilməsinə əsaslanır.