Riyaziyyat müəlliminin taxta üzərində yandırma üsulu ilə yaratdığı sənət əsərləri VİDEO FOTO


Digərləri 20 Yan 2020 19:44:00 194 0

Riyaziyyat müəlliminin taxta üzərində yandırma üsulu ilə yaratdığı sənət əsərləri  VİDEO  FOTO

Qusarlı riyaziyyat müəllimi Nurulla Davidovun taxta üzərində yandırma üsulu ilə çəkdiyi bir-birindən maraqlı əsərlər görənlərin diqqətini çəkir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, rayonun Avaran kənd tam orta məktəbinin 66 yaşlı müəllimi otuz ilə yaxındır sənətkarlığın bu növü ilə məşğuldur.

Hələ gənc yaşlarından şəkil çəkməyə həvəsi olan N.Davidov əvvəlcə qrafika çəkməyə üstünlük verib. Daha sonra karikatura janrına müraciət edən sənətkarın əsərləri mətbuatda da dərc edilib. Sonradan isə yandırma üsulu ilə şəkillər çəkməyə başlayıb.

"Əvvəllər sənətkarlar taxta üzərində ancaq ağ-qara fonda əsərlər yaradırdılar. Amma mən daha gözəl nəticə əldə etmək üçün hazırladığım əsərləri rəngləyirəm. Çəkdiyim əsərlərin əksəriyyəti təxəyyülümün məhsuludur. Çünki adətən naturadan baxaraq çəkmirəm. Xəyalən canlandırdığım şəkli əvvəlcə qara karandaşla taxta üzərində cızıram. Haradasa iki gün həmin eskiz üzərində işləyirəm. Daha sonra xüsusi qurğu vasitəsilə yandırma üsulu ilə əsəri çəkməyə başlayıram. Ağ-qara fonda şəkil hazır olduqdan sonra onu rəngləyirəm. Son mərhələdə isə əsərin üzərinə ikiqat şəffaf lak çəkirəm ki, təsvir daha parlaq olsun, həm də uzun müddət qalsın", - deyə Nurulla Davidov bildirib.

N.Davidov rəsmləri çəkərkən elektriklə işləyən qurğudan istifadə edir. Əl işlərində əsasən təbiət mənzərələrini, adət-ənənələri, kənd təsərrüfatı sahəsini əks etdirir. Bir əl işinin hazırlanması isə 10-15 gün vaxt alır.

Milli ornamentlərlə işlənən sənətkarlıq nümunələrinin satışı da həyata keçirilir. Taxta üzərində çəkilən şəkillər alıcılara ölçüsündən asılı olaraq 20-80 manat arasında təklif olunur. Nurulla Davidov əsərlərini daha çox hədiyyə etdiyini bildirir.