20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiyanın Azərbaycana qarşı xəyanətkar siyasəti idi - Aydın Tağıyev


Digərləri 20 Yan 2020 12:32:41 145 0

20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiyanın Azərbaycana qarşı xəyanətkar siyasəti idi - Aydın Tağıyev

Azadlıq mücahidlərimizin faciəsindən xalqımızı 30 illik zaman fasiləsi ayırır.

Bakı. Azadlıq mücahidlərimizin faciəsindən xalqımızı 30 illik zaman fasiləsi ayırır Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşib, hədsiz haqsızlıqlarla qarşılaşıb. Başımıza gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən, müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına olsa da öz dövlət müstəqilliyinə qovuşa bildi. Biz azəribaycanlılara qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 nəfər şəhid olub, 744-ü ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Vətən uğurunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır. “Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” onları qəlbimizdə yaşatmaq, gələcək nəsillərmizə təbliğ etmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib. “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar” - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı şəhidlərimizə verilən dəyərin bariz nümunəsidir. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anırlar.