Qorbaçov cinayət məsuliyyətinə cəlb edilməli və öz layiqli cəzasını almalıdır - Politoloq


Digərləri 20 Yan 2020 11:48:15 109 0

Qorbaçov cinayət məsuliyyətinə cəlb edilməli və öz layiqli cəzasını almalıdır - Politoloq

Heç şübhəsiz ki, 20 Yanvar hadisəsi faciə olduğu qədər eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.

Bakı. Elçin Mehdiyev - Heç şübhəsiz ki, qanlı 20 Yanvar hadisəsi faciə olmaqla yanaşı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Bundan əlavə, 1990-cı ilin 20 Yanvar hadisəsi xalqımızın milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunub. Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib. Onun sözlərinə görə, bu faciə nəticəsində Azərbaycan xalqı bir yumruq kimi birləşməyə müvəffəq oldu: “Bu, eyni zamanda milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi. Məhz 20 Yanvar hadisəsindən sonra biz özümüzü millət olaraq tanıdıq və dərk etdik. Bəs, 20 yanvar hadisəsinə gətirib çıxaran səbəblər və məqsəd nədən ibarət idi? Məqsəd heç şübhəsiz ki, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaqdan ibarət idi. SSRİ-nin o vaxtkı rəhbəri M.S.Qorbaçovun Azərbaycana, xalqımıza düşmən, qəddar münasibəti olduqca ağır nəticələndi. Qorbaçov tərəfindən Azərbaycana rəhbər göndərilən Ə.Vəzirovun amansız, milli-mənəvi hislərdən və dəyərlərdən çox uzaq olmasının nəticəsi idi ki, elə məhz onun dövründə Moskvanın “səyi” nəticəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi prosesi dərinləşirdi. Məhz bu qəddar siyasətin nəticəsi idi ki, anti-Azərbaycan siyasət həyata keçirilirdi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə rəsmi Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün qırğın törətdi”. Politoloq təəssüflə bildirib ki, bu günə qədər M.S.Qorbaçov bu cinayəti törətdiyinə görə heç bir cəza almayıb: “Dinc əhaliyə qarşı belə bir qanlı faciə törədən Qorbaçov hətta Nobel mükafatı alaraq özünə daha rahat həyat qurdu. Hesab edirəm ki, hələ də gec deyil, Qorbaçov cinayət məsuliyyətinə cəlb edilməli və öz layiqili cəzasını almalıdır”. Ş.Həsənova vurğulayıb ki, bütün bu reallıqlar fonunda 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-huquqi qiymət verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Belə ki, dərhal yanvarın 21-də Heydər Əliyev xalqla həmrəy olduğunu, xalqın dərdinə şərik çıxdığını bildirdi və dövrün siyasi çətinliklərinə baxmayaraq, bu qətliama etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını açıq şəkildə bəyan etdi.