Avropa İttifaqı vətəndaşları Brexitdən sonra avtomatik deportasiya olunmayacaq


Dünya 20 Yan 2020 07:11:00 98 0

Avropa İttifaqı vətəndaşları Brexitdən sonra avtomatik deportasiya olunmayacaq

Avropa İttifaqı ölkələrinin vətəndaşları Brexitdən sonra avtomatik deportasiya olunmayacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniya Brexitdən sonra ölkədə qalmaq hüququ üçün müraciət etməyən Avropa İttifaqı vətəndaşlarını avtomatik olaraq deportasiya etməyəcək. Bu məsələ Böyük Britaniyanın Brexit naziri Stefan Berkli və Avropa Parlamentinin Brexit üzrə koordinatoru Qay Verhofstadtın görüşü zamanı müzakirə edilib.

Qay Verhofstadt görüşdə Britaniya ərazisində yaşayan təxminən 3,5 milyon Aİ vətəndaşlarının ölkədən çıxarıla biləcəyindən narahatlığını ifadə edib. Baş Nazir Boris Consonun nümayəndəsi isə vətəndaşların avtomatik deportasiya edilməyəcəyini təsdiqləyib.

Parlament tərəfindən təsdiqlənən Brexit sazişinə əsasən Britaniya yanvarın 31-də Avropa İttifaqından ayrılacaq, lakin sonrakı keçid mərhələsi çərçivəsində 2020-ci ilin sonuna qədər blokun bütün qaydalarına əməl edəcək.