Seulda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib


Siyasət 20 Yan 2020 06:10:03 126 0

Seulda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

​Seulda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Seul şəhərində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Azərbaycanın Koreyadakı səfirliyindən “Report”a verilən məlumata görə, mərasim çərçivəsində həmçinin xalq şairi Bəxtiyar Vahabzadənin Koreya dilinə tərcümə olunub və 20 Yanvar şəhidləri barədə şerlərin də yer aldığı “Gülüstan poeması” adlı seçilmiş əsərləri kitabinın təqdimatı olub.

Koreyanın dövlət qurumlarının rəsmiləri, ictimai-siyasi xadimləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının professor və müəllim heyəti, həmçinin “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvlərinin iştirak etdikləri anım mərasimi 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Səfir Rəmzi Teymurov mərasimdə çıxış edərək 20 Yanvar faciəsinin müasir Azərbaycan tarixindəki əhəmiyyətindən, ölkəmizin 1991-ci ildə müstəqilliyinin bərpasındakı dönüş nöqtəsi kimi rolundan bəhs edib. Səfir həmçinin B.Vahabzadənin əsərlərinin kitab şəklində Koreya dilinə tərcüməsi və nəşrinin Azərbaycan-Koreya mədəni əlaqələrinin inkişafına töhfəsindən danışıb, bu işin reallaşdırılmasına köməklik göstərən hər kəsə minnətdarlığını bildirib.

Tədbirdə sonra səfirliyin nümayəndəsi tərəfindən 20 Yanvar faciəsinin tarixi, səbəbləri və nəticələri, eləcə də dünya ictimaiyyətinin faciə ilə bağlı nümayiş etdirdiyi mövqe barədə təqdimat edilib. Təqdimatda SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar hadisələrinə bənzər cinayətlərin digər respublikalarda da törədildiyi qeyd olunub, miqyası və qəddarlığına görə ən dəhşətlisinin isə məhz Azərbaycanda baş verdiyi vurğulanıb.

Professor Oh kitab barədə bəhs etməklə yanaşı, Azərbaycan tarixinə də ekskursiya edib və iştirakçılara qədim və orta əsrlər Azərbaycan dövlətləri, o cümlədən Səfəvi Azərbaycan dövləti barədə məlumat verib. O, həmçinin 1813-cü ildə Gülüstan müqaviləsi ilə Azərbaycanın Rusiya və İran arasında bölünməsi, o dövrdən etibarən ermənilərin məqsədyönlü şəkildə Azərbaycana köçürülməsi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elanı və cəmi 2 ildən sonra süqutu, 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanması, ondan 1 il öncə isə Qanlı Yanvar faciəsinin yaşanması, Ermənistanın Azərbaycan torpaqlarını işğalı və Xocalı soyqırımının törədilməsini obyektiv ifadələrlə diqqətə çatdırıb.

Tədbirdə 20 Yanvar faciəsinə dair fotolar nümayiş etdirilib, habelə B.Vahabzadənin Koreya dilinə tərcümə edilmiş seçilmiş əsərləri iştirakçılara təqdim olunub.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək