Haqlı olsanız da… ittiham etməyin!


Digərləri 19 Yan 2020 23:35:00 126 0

Haqlı olsanız da… ittiham etməyin!

Demək olar ki, hər kəs evləndikdən sonra qarşı tərəfdən müəyyən şeylər gözləyir. Və təbii ki, gözlədiyi şeyin reallaşmaması tərəflərdə əks reaksiyalara səbəb olur. Məsələn, həyat yoldaşından xoş münasibət gözləyən bir xanım bu münasibəti görmədikdə narahat olur və bu hisslərini müxtəlif şəkillərdə ifadə etməyə çalışır. Gözlədiklərini əldə edə bilməyən tərəflərin bu münasibətləri əslində məqsədlərinə çatmaq üçündür.

Ancaq bu da həqiqətdir ki, tərəflərin tələblərini ifadə etmək üçün səhv reaksiyalara əl atmaları nəinki onları məqsədlərinə çatdırmır, üstəlik daha pis nəticələrlə qarşılaşmalarına səbəb olur. Ya da tərəflərdən biri konkret bir vəziyyət üçün istədiyinə nail olsa belə, məsələ həllini tapmadığı üçün eyni vəziyyət yenidən özünü göstərir.

Belə səhvlər arasında əsas yeri bir tərəfin qarşı tərəfi tələblərini yerinə yetirə bilmədiyi üçün ittiham etməsi tutur. Hətta tərəflər ittiham etdikləri məsələdə haqlı olsalar belə, yanaşma tərzi səhv olduğu üçün haqsız vəziyyətə düşürlər. Əgər misal göstərmiş olsaq, həyat yoldaşının evdəki vəzifələrini (məsələn, sınan əşyaları təmir etmək, uşaqları həkimə aparmaq və s. kimi) yerinə yetirə bilmədiyini düşünən bir xanım bu vəziyyətdə nə qədər haqlı da olsa, həyat yoldaşını günahlandırmağa çalışmamalıdır.

Eyni şəkildə xanımının səliqəsiz olduğunu və ya evi təmiz saxlamadığını düşünən bir kişi də ittiham metoduna üstünlük verməməlidir. Çünki bu cür münasibətlə üzləşən tərəf istər-istəməz müdafiə mövqeyinə keçir və hadisə daha da böyüyür. Nəticə etibarı ilə ittiham edən tərəf öz məqsədinə nail ola bilmir. Yəni "Səliqəsizsən, evə baxmırsan", və ya "Ancaq özünü düşünürsən" kimi sözlər qarşı tərəfdə əks reaksiyaya səbəb olduğu üçün məsələni həll etmir, əksinə daha da çətinləşdirir. Buna görə də, ittihamedici sözləri bir tərəfə qoymalı və sizi narahat edən məsələləri yumşaq bir üslubla ifadə etməlisiniz. Məsələn, "Səliqəsizsən" əvəzinə, "Saçlarını darayanda daha gözəl olursan" deməklə məqsədinizə daha tez nail ola bilərsiniz.