Berlin sammiti: Liderlər Liviyada döyüşlərə son qoyulmasına çalışır FOTO


Dünya 19 Yan 2020 22:32:00 137 0

Berlin sammiti: Liderlər Liviyada döyüşlərə son qoyulmasına çalışır  FOTO

Almaniya xarici müdaxilənin qarşısını almaq, atəşkəsə nail olmaq və Şimali Afrika ölkəsinin gələcəyinin müəyyən edilməsi üçün siyasi prosesə başlamaq üçün Liviyada uzun illərdir sürən vətəndaş müharibəsində əsas oyunçuları bir araya gətirir.

Almaniya kansleri Angela Merkel 12 ölkənin lideri, BMT, Avropa İttifaqı, Afrika Birliyi və Ərəb Liqasını Berlində bazar günü keçirilən zirvə toplantısına dəvət edib. Almaniyanın aylardır davam etdirdiyi diplomatik kampaniya BMT-nin baş katibi Antonio Quterreş və onun Liviya üzrə xüsusi elçisi Ğassan Salamenin Liviyada döyüşlərin dayandırılması səylərinin gücləndirilməsinə yönəlib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Berlin sammitində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezideni Emmanuel Makron, İtaliyanın baş naziri Cuzeppe Konte, Britaniyanın baş naziri Boris Conson və ABŞ dövlət katibi Mayk Pompeo iştirak edir. Sammitə dəvət olunan digər ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Misir, Əlcəzair, Çin və Konqo Respublikasıdır.

Liviyada iki rəqib tərəfin liderir: baş nazir Fayez Sərrac və general Xəlifə Həftar da sammitə dəvət edilib.

Zirvə toplantısında hansısa inkişafın əldə edilə biləcəyi aydın deyil. Bununla belə, qarşı tərəflərin bir araya gətirilməsi inkişaf hesab edilsə də, son zamanlar xarici dəstəyin güclənməsi hər iki tərəfi güzəştə getməməyə sövq edə bilər.

2011-ci ildə Liviyanı uzun illər idarə etmiş diktator Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra ölkə xaos və qarışıqlığa sürüklənib. Liviya müxtəlif tərəflərin dəstəklədiyi iki rəqib administrasiya arasında bölünüb: BMT tərəfindən tanınan baş nazir Fayez Sərracın Tripolidə hökuməti və ölkənin şərqində general Həftarın rəhbərlik etdiyi administrasiya.

Həftara sadiq qüvvələr aprel ayından Tripolini ələ keçirməyə çalışaraq hücumlar keçirir. General Həftar Misir, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənir, Tripoli hökuməti isə Türkiyədən hərbi dəstək alır.