İranlı Olimpiya çempionunun Amerikadan sığınacaq istəməsi məlum deyil


Dünya 19 Yan 2020 22:33:00 141 0

İranlı Olimpiya çempionunun Amerikadan sığınacaq istəməsi məlum deyil

ABŞ rəsmisi qadınların İranda kütləvi etiraz nümayişlərinin hərəkətverici qüvvəsi olduğunu bildirib və Birləşmiş Ştatlar hökumətinin İranın Olimpiya medalçısı Kimya Əlizadənin ABŞ-da sığınacaq almaq istəməsi haqda məlumata malik olmadığını deyib.

İranın yeganə qadın Olimpiya medalçısı olan Kimya Əlizadə keçən həftə sosial mediada İranın idmançılardan siyasi məqsədlərlə istifadə edən sistemini qınayaraq, ölkəni daimi olaraq tərk etdiyini bildirib.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Kuk Amerikanın Səsinin "Kimya Əlizadə Birləşmiş Ştatlardan sığınacaq istəsə, ABŞ-ın onu qəbul edib-etməyəcəyi" haqda sualının cavabında bildirib ki, o, idmançının sığınacaq istəməsi haqda məlumata malik deyil.

"Rejim əleyhinə etirazların əsas gücü və enerjisi İran qadınlarından gəlir", Brayan Huk bildirib. "Daha çox iranlı qadın rejimin onlara etdiyi zülmdən qurtulmaq istəyərdi" - deyə, ABŞ rəsmisi əlavə edib.

Kimya Əlizadənin İranı daimi tərk etməsini elan etməsi İranda şok kimi qarşılanıb.

Mediada verilən məlumatlara əsasən, İranlı siyasətçi Əbdülkərim Hüseynzadə "səriştəsiz rəsmiləri" İranın "insan kapitalının ölkədən getməsinə" imkan verməkdə ittiham edib.

İranın İdman naziri Mahin Fərhadizadə İSNA xəbər agentliyinə Kimya Əlizadənin ölkəni psixoterapiya sahəsində təhsilini davam etdirmək üçün tərk etdiyini deyib.

Rusiyada qadınlar arasında keçirilən dünya çempionatında iştirak edən İranın şahmat üzrə beynəlxalq hakimi Şöhrə Bayat cümə günü Reuters agentliyinə öz təhlükəsizliyi ilə əlaqədar qorxulara görə vətənə dönmək istəmədiyini bildirib. Şöhrə Bayat qadınlar arasında turnirdə hakimlik edərkən İslam geyim qaydalarını pozmaqda ittiham edilib.