Birbaşa, səsli, vasitəli… İlahi vəhyin növləri


Digərləri 19 Yan 2020 22:20:00 195 0

Birbaşa, səsli, vasitəli…  İlahi vəhyin növləri

Vəhy sözünün lüğətdəki mənası müxtəlifdir: işarə, yazı, risalə, müraciət, gizli söz, tələsmək...

Rağib İsfahani deyir: "Vəhy - gizli müraciətdir ki, işarə halında sürətlə yerinə yetər".

Əbu ishaq deyir: "Vəhyin lüğətdəki mənası gizli söz deməkdir. Ona görə də ilhamı bəzən vəhy adlandırırlar".

Qurani-Kərimdə vəhy sözü dörd mənada işlənmişdir:

1. Gizli işarə. "Beləliklə o, mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin (və ya namaz qılın. Və onlar bu işarədən başa düşdülər ki, övlad vədinin həyata keçməsi yaxınlaşıb)". ("Məryəm (s.ə)" 11).

2. Hidayət. Yəni, təbii yol göstərəndir ki, bütün insanların fitrətinə qoyulmuşdur. Qurani-Kərim bu haqda buyurur: "Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini qoydu) ki: "Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!".

"Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instinkt) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et".

Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır". ("Nəhl" 68-69).

3. İlham. Bəzən mömin insan elə xəbər alır ki, onun mənşəyinin nə olduğunu bilmir. Bu xəbər adətən onun qəlbinə nazil olur və o, bu xəbərin haradan gəldiyini bilmir. Əslində bu xəbər Allah Təala tərəfindən bəndənin qəlbinə nazil olan ilhamdır. Necə ki, Həzrət Musanın (ə) anasının qəlbinə nazil olmuşdur. "(Ona ilham etdik) ki: Onu bir sandığa qoy və onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Və (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) Öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün Öz tərəfimdən (qəlblərə) sənin məhəbbətini saldım". ("Taha" 39).