Kənd Təsərrüfatı naziri İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb (FOTO)
Digərləri 18 Yan 2020 18:16:00 108 0
Almaniyada səfərdə olan Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Qlobal Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forum çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu ilə görüşüb
Bakı.
Almaniyada səfərdə olan Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Qlobal Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forum çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu ilə görüşüb.
Trend-in məlumatına görə, nazir Azərbaycanla FAO arasında əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Onun sözlərinə görə, FAO ilə imzalanmış Tərəfdaşlıq Proqramında əksini tapan məsələlər uğurla həyata keçirilir: "Ölkəmizdə aqrar siyasətin prioritet istiqamətlərini ərzaq təhlükəsizliyinin, o cümlədən ölkə əhalisinin keyfiyyətli, sağlam ərzaq məhsulları ilə təmin olunması və kənd yerlərinin inkişafı təşkil edir. Bu hədəflər FAO-nun əsas fəaliyyət istiqamətləri və hədəfləri ilə üst-üstə düşür. FAO ilə uğurlu əməkdaşlıq modelinin qurulması BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına da öz töhfəsini vermiş olur. Biz beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm veririk, bu mənada FAO beynəlxalq sahədə əməkdaşlıq etdiyimiz ən mühüm tərəfdaşımızdır".
İnam Kərimov hazırda Azərbaycanla FAO-nun əməkdaşlıq çərçivəsində 10-dək birgə layihənin həyata keçirildiyini, bu layihələrin toxumçuluq, heyvandarlıq, fitosanitar xidmətlər, ziyanvericilərə qarşı mübarizə sahələrini əhatə etdiyini vurğulayıb.
Nazir Azərbaycanda aqrar sahədə aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması barədə məlumat verib. O bildirib ki, EKTİS-in tətbiqi ilə kənd təsərrüfatına dövlət dəstəyinin daha şəffaf, ünvanlı və operativ şəkildə çatdırılması təmin ediləcək. Yeni sistemin tətbiqinin əsas üstünlüklərindən biri vaxt itkisinin aradan qalxması və ölkə üzrə aparılmış əkin barədə məlumatların fermerlər üçün əlçatan olmasıdır.
FAO-nun baş direktoru Azərbaycanda EKTİS-in tətbiqi ilə bağlı prosesdən məlumatlı olduğunu bildirib və aqrar xidmətlərin tam elektronlaşmasını ciddi islahat adlandırıb. O qeyd edib ki, Azərbaycan aqrar xidmətləri elektronlaşdırmağa nail olmaqla ciddi uğurla imza atıb və öz təcrübəsini digər ölkələrlə bölüşməlidir. FAO-nun dəstəyi ilə "Rəqəmsal Kənd Təsərrüfatının Transformasiyası Seminarı" adlı layihənin həyata keçirildiyini xatırladan Qu Donqyu bildirib ki, aqrar sahədə elektronlaşma kənd təsərrüfatı məhsullarını istehsal və məhsuldarlıq göstəricilərini yüksəltməyə, bazarlara çevik çıxış imkanları əldə etməyə, istismar xərclərini azaltmağa imkan verir. Artıq dünyada bütün sahələrdə yüksək texnologiyaların tətbiqinin genişləndiyini vurğulayan baş direktor qeyd edib ki, kənd təsərrüfatı da bu prosesdən kənarda qalmamalıdır. Bu baxımdan Azərbaycanın aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində atdığı addımları yüksək qiymətləndirən Qu Donqyu əmin olduğunu bildirib ki, prosesin uğurla başa çatdırılması ölkədə aqrar sahənin inkişafına ciddi təkan verəcək.
Mənbə: az.trend.az