Xüsusi təyinatlı təhsil müəssisələrində 20 Yanvar şəhidləri anılıb (FOTO/VİDEO)


Digərləri 18 Yan 2020 15:29:24 171 0

Xüsusi təyinatlı təhsil müəssisələrində 20 Yanvar şəhidləri anılıb (FOTO/VİDEO)

Ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib

Bakı. Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı anım tədbirləri keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Sonra çıxış edənlər qəhrəman oğul və qızlarımızın xalqımızın azadlığı uğrunda apardığı mübarizədən, müstəqilliyimiz naminə göstərdikləri rəşadətdən və törədilmiş qətliamın səbəblərindən danışıblar. Həmin günlərdə ümummilli lider Heydər Əliyevin xalqın yanında olması, ölkəmizin Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqdakı çıxışı, sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı ədəbi-bədii kompozisiya təqdim edib.