“Vətənpərvərlik kinosu həftəsi” başa çatıb (FOTO)


Digərləri 17 Yan 2020 20:44:18 152 0

“Vətənpərvərlik kinosu həftəsi” başa çatıb (FOTO)

20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik kinosu həftəsi” başa çatıb

Bakı. Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 13-17 yanvar tarixlərində keçirilən, xalqımızın birlik və mübarizlik tarixi olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilən “Vətənpərvərlik kinosu həftəsi” başa çatıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən Trend-ə verilən məlumata görə, yanvarın 17-də Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirmək məqsədi daşıyan “Vətənpərvərlik kinosu həftəsi” Şağan qəsəbə Mədəniyyət Mərkəzində rejissor Cəmil Fərəcovun Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryogin haqqında çəkdiyi “Əbədiyyətə uçuş” filminin nümayişi ilə başa çatıb Film nümayişi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin nümayəndəsi, Mərkəzinin rəhbərliyi və yaradıcı heyət tədbir iştirakçılarına Kino Həftəsinin mahiyyətindən söz açıb, Azərbaycanın Milli Qəhrəmanlarının həyat yolunun və döyüş əzminin böyüməkdə olan nəsil üçün bir örnək olduğunu vurğulayıblar. Müxtəlif millətlərin ümumi vətəninə çevrilmiş Azərbaycan daim igidlər diyarı olub və onun mərd oğulları dinindən, dilindən, milliyyətindən asılı olmayaraq ölkəmizin azadlığı, müstəqilliyi uğrunda fədakarlıqla mübarizə aparıb, bu yolda birlik və əzmkarlıq nümayiş etdiriblər. “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Binəqədi Mərkəzi Mədəniyyət evində, Müşfiqabad qəsəbə Mədəniyyət evində, Nardaran qəsəbə Mədəniyyət Mərkəzində, Yasamal rayon Heydər Əliyev Mərkəzində, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində, R.Axundov adına Mədəniyyət evində, Mərdəkan Mədəniyyət Sarayında, Qaradağ rayon Heydər Əliyev Mərkəzində, A.R.Qobustanlı adına Mədəniyyət evində, Suraxanı rayon Heydər Əliyev Mərkəzində, Şüvəlan qəsəbə Mədəniyyət evində, Şağan qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanları Seymur Məmmədova (“Qartal yuvası” filmi, rejissor Çingiz Həsənov), İqor Makeyevə (“Mən gəncəliyəm” filmi, rejissor Yavər Rzayev), Şahlar Şükürova (“Bir elin Şahları” filmi, rejissor Vəli Səyyadi), Əli Məmmədova (“Taleyin sorağında” filmi, rejissor Taleh İsmayılov), Ehtiram Əliyevə (“777” filmi, rejissor Cavid İmamverdiyev), Mikayıl Cəbrayılova (“İki əsgər” filmi, rejissor Vəli Səyyadi), Səfiyar Behbudova (“Qəhrəmanlıq zirvəsi” filmi, rejissor Kəmalə Musazadə), Rövşən Əliyevə (“Rövşən” filmi, rejissor Natiq Qurbanov), Məmməd Hüseynova (“Müəllim” filmi, rejissor Emin Əfəndiyev), Səxavət Məhərrəmova (“Məni yada salarkən” filmi, rejissor Yavər Rzayev), Viktor Seryoginə (“Əbədiyyətə uçuş” filmi, rejissor Cəmil Fərəcov) həsr olunmuş filmlər nümayiş olunub.