Azərbaycan jurnalistləri 2019cu ildə: JuHİ illik hesabatını açıqlayıb
Digərləri 17 Yan 2020 19:50:00 118 0
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2019-cu il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqlayıb
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2019-cu ildə sosial durumlarının və media ilə bağlı baş vermiş hadisələrin öyrənilməsi üzrə sorğusunu yekunlaşdırıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ümumilikdə ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 50 ümumrespublika yayımlı KIV redaksiyasının əməkdaşları cəlb olunublar.
Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2019-cu ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:
Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində ciddi irəliləyiş olub
Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə aparılan islahatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də müsbət təsir edib, tendensiya media müstəvisində də özünü göstərib. Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında işçilərlə fərdi əmək müqavilələrinin bağlanılması məsələsində ciddi dönüş müşahidə edilib. Sorğuya cəlb edilənlərin 97 faizi bildiriblər ki, çalışdıqları redaksiyalarda son bir ildə fərdi əmək müqavilələri bağlanılmasına çalışılıb. Müqayisə üçün bildirək ki, bu göstərici əvvəlki illərdə 90 % -dən də aşağı olub. Həmçinin, əvvəlki illərdə əmək müqavilələri ilə bağlı əsas problemlər:
- fərdi əmək müqavilələrinin müddətli bağlanılması və ya əmək müqaviləsi əvəvzinə "xidmət müqaviləsi"nin tətbiq edilməsi,
- Əmək müqaviləsi və ya "xidmət müqaviləsi"nin redaksiyalarda hər kəsə tətbiq edilməməsi,
- Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğ təşkil etməsi
və sair formalarda müşahidə edilirdi.
Belə hallar işəgötürənin xeyrinə olaraq, həmin müqavilələlərə istənilən vaxt xitam vermək üçün şərait yaradırdı. Jurnalistlərə "xidmət müqaviləsi"nin tətbiq edilməsi onların əmək hüquqlarını məhdudlaşdırır, ixtisarlar, əmək münasibətlərinə xitam verilmə hallarında jurnalistləri çıxılmaz duruma salır, işsizlikdən sığorta haqqı alınmasını imkansız edirdi. Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi isə, qanun pozuntusu olmaqla yanaşı, KİV işçilərinin pensiya təminatına, həmçinin, əmək münasibətlərinə xitam verilmə hallarında işsizlikdən sığorta haqqı alınmasına neqativ təsir göstərən amillərdən idi. Son illər ərzində, o cümləıdən, 2019-cu ildə həyata keçirilən dəyişikliklər bu problemlərin sürətlə aradan qaldırılması tendensiyası yaradıb.
Əmək haqqı, orta aylıq gəlirlərdə artım olub
Bu kontekstdə diqqət çəkən məqam ondan ibarətdir ki, aylıq gəlirləri 700-900 manat civarında olan jurnalistlərin sayı 2019-cu ildə ötən illərlə müqayisədə əhəmiyyətli şəkildə artıb. Beləki, bu kateqoriyadan olanlar ümumi sorğu iştirakçılarının 72 faizini təşkil ediblər. Müqayisə üçün bildirək ki, 2018-ci ildə rəyi soruşulanların 4 faizi 350-500 manat, 61 faizi 500-700 manat, yalnız 31 faizi isə 700-900 manat civarında aylıq gəlir əldə etdiklərini bildirmişdilər. 2019-cu ildə 700-900 manat miqdarında əmək haqqı alan jurnalistlərin kəmiyyəti 41 faiz artaraq 72 faizə çatıb.