Gömrük Akademiyasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTO)


Digərləri 17 Yan 2020 19:36:17 101 0

Gömrük Akademiyasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTO)

Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı. Dövlət Gömrük Komitəsinin Akademiyasında 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademiyanın rəisi Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq, bu faciənin Azərbaycanın müstəqillik tarixində qan yaddaşı olmaqla yanaşı, həm də şərəf və qürur səhifəsi olduğunu bildirib. O, 20 yanvar 1990-cı ilin xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdiyini vurğulayıb. Faciənin baş verdiyi dövrə nəzər salan Qulu Novruzov o dövrün gərgin ictimai-siyasi hadisələri, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından söz açıb. Akademiya rəisi diqqətə çatdırıb ki, bu faciəni törədənlərin məqsədi Azərbaycan xalqının iradəsini qırmaq, azadlıq eşqini məhv etmək olsa da, bu niyyətlərinə çata bilməyiblər. Çünki bu tarix xalqımızın şərəf və qəhrəmanlıq tarixidir. Qulu Novruzov ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 1994-cü il yanvar ayının 5-də məhz Ulu öndərin müvafiq fərmanı ilə Milli Məclisin müzakirəsinə təqdim edilən və həmin ilin mart ayında təsdiqlənən sənədlə ilk dəfə 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.