Rusiyalı deputat Bakıya “Əmək Şücaəti Şəhəri" adı verilməsini təklif edib


Siyasət 17 Yan 2020 17:43:10 130 0

Rusiyalı deputat Bakıya “Əmək Şücaəti Şəhəri" adı verilməsini təklif edib

"Bu gün müxtəlif ölkələrdə yaşayırıq, ancaq cəbhədə həlak olanlara və cəbhənin ehtiyacları üçün gecə-gündüz çalışanların xatirəsini yad edə bilərik"

“2020-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi qeyd ediləcək. Bununla əlaqədar Rusiya Dövlət Dumasında sakinlər hərbi və mülki istehsal müəssisələrində fasiləsiz istehsal təmin edən, kütləvi əmək qəhrəmanlığı nümayiş etdirən şəhərlərə “Əmək Şücaəti Şəhəri” adı verilməsi üçün hüquqi əsaslar yaradan qanun layihəsi müzakirə edilib”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

“Nəzərə alınmalıdır ki, postsovet məkanında olan şəhərlər də bu ada layiqdir. Məsələn, Bakıya qəhrəman şəhər adının verilməsi məsələsi bir neçə dəfə müzakirə edilib. İkinci Dünya Müharibəsi zamanı Bakı sakinləri gecə-gündüz çalışıb Sovet tanklarını və təyyarələrini yanacaqla təmin ediblər. Müharibə illərində Azərbaycanda “Stalinqradımız hər quyudadır” plakatları asılmışdı və bu elə belə idi. Sovet ordusuna lazım olan bütün yanacağın 80%-i buradan gəlirdi”, - D.Savelyev bildirib.

“Böyük Vətən Müharibəsindəki qələbə bir vaxtlar vahid olan sovet xalqının böyük səyləri sayəsində əldə edilib. Bu gün müxtəlif ölkələrdə yaşayırıq, ancaq cəbhədə həlak olanlara və cəbhənin ehtiyacları üçün gecə-gündüz çalışanların xatirəsini yad edə bilərik. Ona görə də bu qanun layihəsində bu yüksək adın Bakıya da verilməsinin mümkünlüyünün nəzərə alınmasını istərdim”, - rusiyalı deputat vurğulayıb.