Vasili Papava: Azərbaycanla Gürcüstan arasında sıx əməkdaşlıq qurulub


Digərləri 17 Yan 2020 17:49:04 110 0

Vasili Papava: Azərbaycanla Gürcüstan arasında sıx əməkdaşlıq qurulub

İnfrastruktur layihələrin inkişafı Bakı və Tbilisinin siyasətinin formalaşmasında vacib rol oynayır

Bakı. Hüseyn Səfərov - Ötən illər ərzində Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələrdə - iqtisadiyyat, biznes, turizm, siyasət sahələrində sıx əməkdaşlıq qurulub. Bunu Trend-ə gürcüstanlı politoloq Vasili Papava deyib. O bildirib ki, bu əməkdaşlığın nəticəsi enerji və nəqliyyat sahələrində irimiqyaslı strateji layihələrin reallaşdırılması olub: “İnfrastruktur layihələrin inkişafı Bakı və Tbilisinin siyasətinin formalaşmasında vacib rol oynayır. Hər iki ölkə üçün bu infrastrukturun inkişafı xüsusilə vacibdir, çünki bu, onlara müəyyən strateji üstünlük verir”. Politoloq qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında azad ticarət rejimi mövcuddur: “Gürcüstan regionda yeganə dövlətdir ki, həm Avropa İttifaqı, həm də Çinlə azad ticarət sazişinə malikdir. Bu, Bakı və Tbilisiyə yeni ixrac bazarlarının tədqiq olunması və ticarət əməkdaşlığının genişləndirilməsi üçün resursları birləşdirməyə imkan yaradır”. Ekspert həmçinin, turizm sahəsinə də toxunub. Onun sözlərinə görə, turizm sahəsində tərəflər birgə proqramlar reallaşdırır: “2019-cu ilin oktyabrında Gürcüstan Turizmin İnkişafı Milli Bürosu və Azərbaycan Turizm Şurasının dəstəyi ilə Tbilisidə “Azerbaijan Travel” mərkəzi açılıb”. Ekspert bildirib ki, son illər ərzində Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq səviyyəsi konkret proqram və layihələrlə möhkəmlənmiş strateji tərəfdaşlıq nöqtəsinə çatıb: “İki ölkə arasında sıx hərbi əməkdaşlığın olmamasına baxmayaraq, Bakı və Tbilisi təhlükəsizlik sahəsində fəal işləyir, birgə hərbi təlimlər keçirir və bu təlimlərdə Türkiyə də iştirak edir. Bunun nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq möhkəmlənir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin